Ermənistanın təcavüzü nəticəsində əraziləri işğal olunmuş rayonların ümumtəhsil məktəblərinin 9 minə yaxın birinci sinif şagirdinə sentyabrın 15-də Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məktəbli ləvazimatları və hədiyyələr təqdim olunmuşdur.
Fondun nümayəndələri əvvəlcə Sabirabad rayonunun Qalaqayın kəndində müvəqqəti məskunlaşıb köçkün həyatı sürən məktəb kollektivləri ilə görüşmüşlər. Burada Cəbrayıl və Füzuli rayonlarının hər birinin 2, Zəngilan rayonunun isə 1 məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə 70 nəfərdən artıq birinci sinif şagirdi var.
Heydər Əliyev Fondunun məsul nümayəndəsi Anar Ələkbərov Fondun prezidenti Mehriban xanım Əliyevanın adından məktəbliləri "Bilik günü" münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.
27 nömrəli Füzuli məktəbinin müəllimi Ülkər Quliyeva, Cəbrayıl məktəbinin direktoru Cəlal Quliyev, valideyn Südabə Əliyeva çıxış edərək vurğulamışlar ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları və nəcib əməlləri yaşayır, xüsusilə uşaqların xoşbəxt gələcəyi naminə istək və arzuları ardıcıl surətdə həyata keçirilir. Onlar qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləmiş, indiki köməyə görə Mehriban xanıma minnətdarlıqlarını bildirmiş, YUNESKO-nun Xoşməramlı səfiri fəxri adı alması münasibətilə onu təbrik etmişlər.
Fondun nümayəndələrinin İmişli şəhərində 11 nömrəli Füzuli, 12 nömrəli Zəngilan şəhər və Cəbrayıl rayonu Qumlaq kənd məktəbləri kollektivləri ilə görüşü də yaddaqalan olmuşdur. Anar Ələkbərov şagird və müəllimlərə Mehriban xanım Əliyevanın salamlarını çatdırmışdır.
İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Səfa Ağayev, Füzuli Rayon Təhsil Şöbəsinin müdiri Hafiz Tahirov, 12 nömrəli Zəngilan şəhər məktəbinin direktoru Sadiq Həsənov, Cəbrayıl Rayon Təhsil Şöbəsinin metodisti Əbülfəz Əhmədov və başqaları öz çıxışlarında Heydər Əliyev ideyalarının onlara arxa və kömək, mənəvi dayaq olduğunu vurğulamış, gənc nəslə ölkə rəhbərliyi səviyyəsində qayğı göstərilməsindən razı qaldıqlarını bildirmişlər.
Sonra hər üç məktəbin I sinif şagirdlərinə Fondun və Mehriban xanım Əliyevanın göndərdiyi hədiyyələr və dərs ləvazimatları təqdim edilmişdir.
Daha bir görüş ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Biləsuvar rayonu ərazisində salınmış, açılış mərasimində Prezident İlham Əliyevin iştirak etdiyi və 12 min nəfərə yaxın cəbrayıllı yaşayan 6 qəsəbədən üçüncüsündə, İ.H.Quliyev adına Böyük Mərcanlı kənd orta məktəbində olmuşdur.
Görüşdə çıxış edən məktəbin direktoru Fəxrəddin Quliyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev məcburi köçkün ailələrindən olan uşaqlara yeni dərs ilinin ilk günü bəxş etdikləri sevincə görə Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildirmişlər.
Sonra I sinif şagirdlərinə Mehriban xanım Əliyevanın adından hədiyyələr və dərs ləvazimatları paylanmışdır.