img_7018_inner.jpg
28 dekabr 2004

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evində olub

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dekabrın 28-də Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evində tərbiyə alan uşaqlara baş çəkmişdir. 


Uşaq evinin həyətində Mehriban xanımı böyük səmimiyyətlə qarşıladılar. Milli geyimli oğlan və qız hörmətli qonağa gül dəstələri təqdim etdilər.


Burada təşkil olunmuş şənlikdə uşaqlar Mehriban xanımın gəlişi şərəfinə şerlər söylədilər, mahnılar oxudular, bir-birindən gözəl milli rəqslər ifa etdilər. Ümummilli liderimizə həsr olunmuş "Heydər baba" şeri böyük maraqla qarşılandı.


Uşaqlar sevinclə bildirdilər ki, onlar bu il aprelin 23-də Türkiyədə beynəlxalq uşaq festivalında, Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə respublika uşaq evləri arasında keçirilmiş festival-müsabiqədə birinci yeri tutmuş, Qran-Pri mükafatı ilə təltif olunmuşlar.


Uşaqlar göndərdiyi bayram sovqatına görə də Mehriban xanıma təşəkkür etdilər.


Mehriban xanım Əliyeva balacaları Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik etdi. Sonra o, uşaq evində yaradılmış şəraitlə, balaca istedadların əl işləri ilə tanış oldu. Uşaq evinə Mehriban xanımın adından 13 ədəd müasir kompüter hədiyyə edildi.


Uşaq evinin direktoru Nərminə Zöhrabova bu diqqət və qayğıya, bayram günləri ərəfəsində balacalara baş çəkib onları sevindirdiyinə görə Mehriban xanıma dərin təşəkkürünü bildirərək, son bir il ərzində görülən işlər, uşaqların təhsili və asudə vaxtlarının səmərəli keçməsi üçün yaradılan şərait, respublika səviyyəsində təşkil olunan yarışlarda qazanılan uğurlar barədə məlumat verdi. Bildirildi ki, burada 105 kimsəsiz uşağın yüksək səviyyədə təlim-tərbiyəsi üçün Təhsil Nazirliyi və yerli icra hakimiyyəti tərəfindən hər cür kömək göstərilir.


Mehriban xanım Əliyeva məktəbdə yaradılmış şəraitdən razılığını vurğulayaraq, kimsəsiz uşaqların gələcəkdə cəmiyyətdə layiqli yerlərini tutmaları üçün dövlət tərəfindən bundan sonra da hər cür tədbirlərin görüləcəyini bildirdi. O, ana nəvazişindən məhrum olmuş körpələri bağrına basaraq, onlarla səmimi söhbət etdi və yadigar olaraq xatirə şəkli çəkdirdi.


FOTO

Paylaş: