001.jpg
30 dekabr 2015

Heydər Əliyev Fondu “Buta” sarayında uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib

Dekabrın 30-da Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

 

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

 

Heydər Əliyev Fondunun təşkil etdiyi şənlik xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən “Buta” sarayında keçirilib. Bu il də balacaları sevindirmək üçün “Buta” sarayında nağıllar aləmindəki kimi ab-hava yaradılıb.

 

Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər, Azərbaycanda fəaliyyət göstərən yerli uşaq təşkilatlarının kollektivləri üçün şənlik təşkil edilir.

 

Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Mehriban Əliyevanın uşaqlarla görüşlərindən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

 

Şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib. Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşıblar. Mehriban Əliyeva uşaqların sevinc və fərəhini bölüşüb, onlarla səmimi söhbət edib.

 

Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış ediblər. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl hisslər doğurub. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng edib.

 

Mehriban Əliyeva bayram şənliyində çıxış edib.

 

Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olunub.

 

Üç gün davam edən bayram şənliyində iki mindən çox uşaq və məktəbli iştirak edib.


FOTO

VİDEO