Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində qayğıya ehtiyacı olan uşaqlar üçün surpizlərlə dolu şənlik təşkil edib.
“Gülüstan” sarayında keçirilən şənliyə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də şəhid övladları dəvət alıblar.
Uşaqlar şənliyin keçirildiyi məkana onlar üçün ayrılmış avtobuslarla gəlib. İlk andan balacalar möcüzələr və sehrlərlə dolu bir aləmə daxil olublar. Xüsusi zövqlə bəzədilən və qış nağılını xatırladan sarayda onları cizgi filmlərininqəhrəmanları qarşılayıb. “Face Art” vasitəsilə uşaqlar özləri də sevimli qəhrəmanlarını canlandırmaq imkanı qazanıb.
Bayram şənliyi videoçarxın nümayişi ilə başlayıb. Uşaqların ən böyük dostu və himayədarı olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı iləyeni nəsilə qayğısından, müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən videoçarx böyük maraqla izlənilib. Videoçarxda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlarla, o cümlədən azad olunan torpaqlara qayıdan yeni nəsillə keçiridikləri görüşlərdəndə maraqlı anlar əks olunub.
Daha sonra təqdim edilən “Yeni ilin sehri”adlı əyləncəli proqram uşaqlara bayram ab-havası yaşadıb. Müxtəlif uşaq kollektivlərinin və Azərbaycan incəsənət ustalarının iştirakı Yeni il şənliyinə xüsusi rəng qatıb.
Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqların, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin bizə əmanəti olan övladlarının problemlərinin həllinə xüsusi diqqətlə yanaşır, uşaqların hər zaman qayğı ilə əhatə olunmasına çalışır, onların sağlamlığına və təhsilinə yönəlik layihələr həyata keçirir.
Ənənəvi Yeni il şənliyinin sonunda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri verilib. Balacalar nağıl personajları ilə birgə şəkil çəkdirib, sevincli anlar yaşayıblar.