5 oktyabr 2005

Heydər Əliyev Fondu Bakının Nəsimi rayonundaki 1 nömrəli körpələr evinə avtobus bağışlayıb

Oktyabrın 5-də Heydər Əliyev Fondu Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evinə təzə avtobus bağışlamışdır.

 

Bu münasibətlə keçirilən mərasimdə Fondun icraçı direktoru Anar Ələkbərov çıxış edərək bildirdi ki, 1930-cu ildə tikilmiş, uzun illər təmir edilmədiyinə görə, əslində, yararsız hala düşmüş körpələr evinin binasında Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Tərbiyəçi müəllimlər körpələr evinin nəqliyyat vasitəsinə də ehtiyacı olduğunu bildirmişdilər. Fond öz vəsaiti hesabına körpələr evinə "QAZel" markalı avtobus almışdır və o, bu gün hədiyyə edilir.

 

Fondun icraçı direktoru təzə avtobusun açarlarını körpələr evinin müdiri Nəhayət Əliyevaya təqdim etdi, Heydər Əliyev Fondunun işləyib hazırladığı "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində görülən işlərin bundan sonra da davam edəcəyini vurğuladı.

 

Nəhayət Əliyeva binanın, əslində təzədən tikildiyini bildirərək dedi ki, yeni istilik, su, qaz, işıq xətləri çəkilmiş, həyət abadlaşdırılmış, körpələr evi müasir avadanlıqla, oyuncaqlarla təmin olunmuş, ictimai iaşə, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları yenidən qurulmuşdur.

 

Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Tahir Quliyev rayon ərazisindəki internat məktəbləri və uşaq evlərində Fondun vəsaiti hesabına aparılan təmir işlərindən danışdı, bunun rayon sakinləri tərəfindən dərin razılıqla qarşılandığını bildirdi. O, ulu öndər Heydər Əliyevin vaxtilə uşaqlarla keçirdiyi görüşdə dediyi "Sizin hamınız mənim balamsınız, sizi öz balam kimi sevirəm, sizi öz balam hesab edirəm. Azərbaycanın uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir, ümididir" - sözlərini xatırladaraq, körpələr evinin kollektivinə ümummilli liderin vəsiyyətlərini, ideyalarını unutmamağı, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqəti artırmağı xahiş etdi.