7 dekabr 2010

“Oblastnaya qazeta”: Leyla Əliyeva xoşməramlı səfirdir

“Xoşməramlı səfir”. Sverdlovsk vilayətinin mərkəzi mətbu orqanı olan “Oblastnaya qazeta”da dərc edilmiş məqalə belə adlanır. Məqalədə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın 2010-cu il dekabrın 2-3-də Yekaterinburqa səfərindən bəhs edilir. Məqalənin əvvəlində qeyd edilir ki, dostluq telləri mədəniyyət vasitəsilə möhkəmlənir. Daha sonra bildirilir ki, dekabrın əvvəlində Sverdlovsk vilayətində Azərbaycan Respublikası ilə dostluq günləri keçirilmişdir.


Qəzet yazır: “Xoşməramlı səfir Leyla Əliyeva Rusiya ərazisində tez-tez və çoxlu səfərlər edir, doğma ölkəsindən olan gəncləri birləşdirməyə çalışır, veteranlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, istedadlı insanlara kömək edir. Gənclərin taleyi ilə xüsusi maraqlanan L.Əliyeva onların müasir Rusiya cəmiyyətinə uğurla inteqrasiya etməsi üçün lazım olan hər şeyi edir. Sverdlovsk vilayətində Azərbaycan missiyası əsasən humanitar və xeyriyyə xarakteri daşıyır, çünki Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müxtəlif ölkələrin mədəniyyət və səhiyyə müəssisələrinə sponsorluq edir, incəsənət xadimləri arasında əlaqələri tənzimləyir, o cümlədən Rusiyada yaşayan azərbaycanlı gəncləri birləşdirir”.

 

Məqalə müəllifləri vurğulayırlar ki, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında möhkəm mədəni əlaqələr yaranmışdır. Burada istedadlı Azərbaycan bəstəkarı və müğənnisi Emin Ağalarovun xeyriyyə konserti verməsi, konsertdən əldə edilmiş vəsaitin Yekaterinburqdakı 6 nömrəli ixtisaslaşdırılmış uşaq evinin hesabına köçürülməsi də qeyd edilir.

 

Jurnalistlər N.Podkorıtova, L.Sabanina və İ.Oşurkova məqalədə Heydər Əliyev Fondu adından uşaq onkohematoloji mərkəzinə təcili yardım maşını hədiyyə etmiş Leyla Əliyevanın xoşməramlı jestini xüsusi vurğulayırlar. L.Əliyeva həmin mərkəzdə olarkən demişdir: “Ən vacibi uşaqlardır”. Məqalədə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbərinin aşağıdakı sözləri sitat gətirilir: “Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq dörd ildir ki, fəaliyyət göstərir. Fond səhiyyə məsələlərinə böyük diqqət yetirir. Azərbaycanda xeyriyyəçilik ianələri hesabına Fond xəstəxanalar tikdirir, diabetli uşaqlara kömək edir, təhlükəli xəstəliklərə qarşı vaksinləri xeyriyyəçilik yolu ilə paylayır, bir sıra başqa tədbirlər həyata keçirir. Buna görə də Yekaterinburqdakı xəstəxanaya baş çəkmək bizim üçün vacib idi. Uşaq onkoloji mərkəzi mənə çox yaxşı təsir bağışladı”.

 

Leyla Əliyeva Sverdlovsk vilayətinin qubernatoru Aleksandr Mişarin ilə görüşündə humanitar əlaqələrin möhkəmləndirilməsi perspektivləri, ayrı-ayrı layihələr müzakirə edilmişdir. Məqalədə vurğulanır ki, bu səmərəli görüş konkret əməkdaşlığın təməlini qoymuşdur.

 

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın bu səfəri Uralın bütün vilayət KİV-lərində böyük əks-səda doğurmuş, yerli telekanallarda və radioda, qəzetlərdə, İTAR-TASS, RİA “Novosti” agentliklərinin informasiya lentlərində, eləcə də 10-dan artıq internet resursunda geniş işıqlandırılmışdır.

 

Azərbaycanın Sverdlovsk vilayətindəki baş konsulu Sultan Qasımov demişdir ki, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri, RAGT-nin sədri və “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın Yekaterinburqa səfəri Azərbaycan ilə Sverdlovsk vilayəti arasında mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyətə malikdir. Yekaterinburq Rusiyanın üçüncü böyük şəhəridir və humanitar sahədə əlaqələrin tənzimlənməsi ölkələrimiz və xalqlarımız arasında dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi üçün vacibdir. Sultan Qasımov demişdir: “Leyla xanım Əliyevanın qubernator Aleksandr Mişarin ilə görüşü və müxtəlif müştərək layihələrin həyata keçirilməsi barədə əldə edilmiş konkret razılaşmalar dinamik inkişaf edən Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin ruhuna tamamilə uyğundur”. Onun sözlərinə görə, Sverdlovsk sakinləri Leyla xanım Əliyevanın xoşməramlı jestini – uşaq onkohematoloji mərkəzinə müasir avadanlıqla təchiz edilmiş təcili yardım maşını, Yekaterinburq Diyarşünaslıq Muzeyinə videoproyektor hədiyyə etməsini, eləcə də həmvətənimiz, istedadlı bəstəkar və müğənni Emin Ağalarovun xeyriyyə konsertini, bu konsertdən əldə edilmiş vəsaitin Yekaterinburqdakı uşaq evinin hesabına köçürülməsini yüksək qiymətləndirmişlər. Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov sonda demişdir: “Bu, mədəniyyət və səhiyyə sahəsində əlaqələrimizin inkişafına çox qiymətli töhfədir”.