26 iyun 2009

Fransa mətbuatı Heydər Əliyev Fondunun Strasburqdakı Notr-Dam kilsəsinin təmirinə göstərdiyi maliyyə dəstəyini yüksək qiymətləndirir

Fransanın bir çox nüfuzlu mətbu orqanı Heydər Əliyev Fondunun Strasburqdakı Notr-Dam kilsəsinin təmirinə maliyyə dəstəyini yüksək qiymətləndirir. 

 

Alzas bölgəsinin mərkəzi hesab edilən Strasburqda gündəlik nəşr edilən “Alzasın son xəbərləri” qəzetində dərc olunmuş “Azərbaycan xeyirxahlığı” sərlövhəli məqalədə ölkənin ən qədim kilsələrindən olan Notr-Damın təmirinə yardım edilməsi üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi təşəbbüs yüksək qiymətləndirilmiş, Avropa Şurasının böyük dostu olan Azərbaycanın bu istiqamətdəki addımı təqdir olunmuşdur.

 

Məqalədə Heydər Əliyev Fondunun bir müddət əvvəl Versal sarayında iki abidəni təmir etdiyi xatırlanmış, fondun başqa ölkələrdə həyata keçirdiyi xeyirxah missiyalardan söhbət açılmış, qurumun xalqımızın tələbi ilə yenidən hakimiyyətə gəlmiş və 1993-2003-cü illərdə ölkəyə rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin adını daşıdığı vurğulanmışdır.

 

“Alzas”, “L’Express », “20 dəqiqə” (“20 minutes”) və digər nəşrlərdə də kilsədə keçirilmiş mərasimdən ətraflı söhbət açılmış, Azərbaycanın Cənubi Qafqaz regionunda iqtisadi cəhətdən inkişaf etmiş aparıcı dövlət olması xüsusi vurğulanmışdır. Heydər Əliyev Fondunun Fransada iki abidənin və qədim kilsənin təmirinə yardım etməsinin öz mədəni irsinə hörmətlə yanaşan, onların qorunmasına çalışan iki xalq arasındakı dostluğun bariz nümunəsi olduğu bildirilmiş, fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə səhiyyə və təhsil sahəsində də bir çox layihələrin həyata keçirildiyi qeyd edilmişdir.

 

Qəzetlərdə Notr-Dam kilsəsinin təmiri ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə göstərilən maliyyə yardımının təqdimat mərasimindən bəhs edən şəkillər də verilmişdir.

 

Ölkənin “Frans-3” televiziya kanalının tədbirdən hazırladığı verilişdə Heydər Əliyev Fondunun Azərbaycandan çox-çox uzaqlarda, Fransada iki abidənin və bir kilsənin təmirinə yardım etməsinin fondun prezidenti Mehriban xanım Əliyevanın tarixi abidələrə qayğısından irəli gəldiyi vurğulanmışdır. Bildirilmişdir ki, xeyirxah əməllər sahibi olan Mehriban xanım Əliyevanın təşəbbüsü hamıya bir nümunədir.


Paylaş: