6 iyul 2009

Küveytin “Kuwait Times” qəzetində “Heydər Əliyev Fondu beş illiyini qeyd edir” adlı məqalə dərc olunub

 Azərbaycanın Küveytdəki səfirliyi bu ölkədə və Körfəz regionunda ingilis dilndə dərc olunan “Kuwait Times” qəzetində “Heydər Əliyev Fondu beş illiyini qeyd edir” adlı məqalə dərc etdirmişdir.


Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycanda demokratik dövlət quruculuğundakı müstəsna xidmətlərindən, ulu öndərin zəngin irsinə sadiq qalan Azərbaycanın birinci xanımı, YUNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın başçılığı ilə Heydər Əliyev Fondunun fəaliyyətindən geniş söz açılır. Oxuculara Fondun Heydər Əliyev irsinin əbədiləşdirilməsi, Azərbaycanın inkişafı ilə bağlı ulu öndərin ideyalarının həyata kecirilməsindəki xidmətləri, təhsil, səhiyyə, mədəniyyət, ekologiya və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdirilması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilir.

 

Fondun “Yeni Azərbaycan ücün yeni məktəb”, “Talassemiyasız həyat”, “Şəkərli diabetli uşaqlara ən yüksək qayğı” kimi layihələri, bu layihələrin gələcək nəsillərin savadlılığı və sağlamlığı kimi xeyirxah amallara xidmət etdiyi, təhsil sahəsində fəaliyyətinin Azərbaycan ilə məhdudlaşmadığı, Pakistanın Müzəffərabad şəhərində zəlzələ nəticəsində dağılmış məktəbi yenidən tikməsi və YUNESCO ilə birgə həyata keçirdiyi digər layihələri yazıda xüsusi qeyd olunmuşdur.

 

Məqalədə sivilizasiyalararası dialoqda qadınların rolunun gücləndirilməsi, mədəni müxtəliflik və dözümlüyün möhkəmləndirilməsi istiqamıtində Fondun gördüyü işlər və təşkil etdiyi mötəbər tədbirlər, Strasburq kilsəsinin şüşəbəndlərinin təmiri üçün Fond tərəfindən maliyyə vəsaitinin ayrıldığı da yer almışdır.