24 iyun 2008

Qazaxıstanın “KAZİNFORM” agentliyi “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq Bakı forumu haqqında yazır

Bu yaxınlarda Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum dünya mətbuatında geniş əks-səda doğurmuşdur. Qazaxıstanın “KAZİNFORM” agentliyi həmin forum barədə ətraflı məqalə vermişdir.


Məqalədə deyilir ki, forum iştirakçıları mədəniyyətlərin dialoqunda qadınların rolu ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışlar. Tədbir YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilmişdir.

 

YUNESKO və İSESKO-nun dəstəyi ilə keçirilən forumda bir sıra ölkələrin birinci xanımları, Avropa, Afrika, Amerika, Orta və Cənub-Şərqi Asiya, Cənubi Qafqaz ölkələrindən qadınlar iştirak etmişlər.

 

Məqalədə daha sonra bildirilir ki, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva əsl Şərq gözəli olmaqla yanaşı, zəriflik və ziyalılıq mücəssəməsidir. Bu, dünya KİV-lərinin diqqətindən yayınmır. Ziyalı ailəsində boya-başa çatan Mehriban xanın 5 dildə sərbəst danışır.

 

Forumun sonunda İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim etmişdir.

 

Forum iştirakçıları Azərbaycanın mədəniyyətlərarası dialoqda qadınların rolunu genişləndirmək və növbəti görüşü də 2010-cu ildə Bakıda keçirmək barədə təşəbbüsünü dəstəkləmişlər.


Paylaş: