19 iyun 2008

ABŞ-ın nüfuzlu “Honolulu Advertiser” qəzeti “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq Bakı forumu haqqında yazıb

Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğundan bildirmişlər ki, Havaya ştatının nüfuzlu “Honolulu Advertiser” qəzetinin 19 iyun buraxılışında Bakıda keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda iştirak edən Ştatın Qanunvericilər Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü, deputat Cin Vardın bu tədbir barədə məqaləsi dərc edilmişdir.


“Müsəlman qadınlar əlavə hüquqlar ilə bağlı açıq bəyanat verir: Təhsil və dialoq qarşılıqlı anlaşmanın tərkib hissəsidir” başlıqlı məqalədə, müəllif Azərbaycanda əllidən yuxarı ölkədən dəvət almış alim, diplomat və yüksək rəsmi şəxslərin, xüsusən də əsas etibarilə müsəlman qadınların iştirak etdikləri beynəlxalq forumun keçirildiyini qeyd etmişdir.

 

Cin Vard Azərbaycanı ABŞ-ın Havaya ştatı ilə müqayisə etməyə çalışmış və onun çoxmillətli, müsəlman, yəhudi və xristianların birgə yaşadığı ölkə olduğunu vurğulamışdır.

 

O, həmçinin Azərbaycanın İpək Yolunun bir hissəsi olduğunu, sivilizasiyaların kəsişməsində yerləşdiyini və bu ölkənin qadınların hüquqlarının təşviqi istiqamətində nümunə olduğunu qeyd etmişdir.

 

“Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Bakı Forumunun iştirakçısı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çıxışından sitat gətirərək ölkədə qadınların geniş hüquqlarının olduğunu, burada qadınlara ABŞ-dan öncə seçmək və seçilmək hüquqlarının verildiyini bildirmişdir.

 

Məqalədə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumun qadınların hüquqlarının təşviqi işində mühüm rol oynayacağı və tədbirdə bütün dünya dövlətlərini Qərb ilə Şərq, kişi ilə qadın, müsəlman ilə qeyri-müsəlman arasında anlaşmanın daha da artırılması üçün başlıca amil olan təhsil və dialoqun təmin edilməsinə çağıran Bakı Bəyannaməsinin qəbul edildiyi qeyd  olunmuşdur.


Paylaş: