¦С¦¦¦¬¦¬¦-¦¦¦-¦¬-1.jpg
30 oktyabr 2012

Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, planetimizin dünyəvi dövlətlərindən biridir

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə ölkəmizi fransızlara yaxından tanıtmaq məqsədilə “Azərbaycan günləri” layihəsi çərçivəsində Fransanın Şampan regionunun Reims və Şalon-an-Şampan şəhərlərində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” mövzusunda keçirilən sərgi və konsert bu ölkənin mətbuatında geniş yer almışdır.


Şampan regionunda gündəlik nəşr olunan nüfuzlu “L’ Union” qəzeti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Reims şəhərinə gəlişi və buradakı tədbirdə çıxışından ətraflı bəhs edən məqalələr dərc etmişdir. “Azərbaycanın səfir xanımı Reimsdə” sərlövhəli yazıda bildirilir ki, Qafqazın gənc müstəqil respublikasının birinci xanımı Mehriban Əliyevanın çıxışı və onun ölkəsi haqqında maraqlı sərgi və konsert Azərbaycan barədə az məlumatı olan reimslilərdə zəngin təəssürat yaratmışdır. Qəzet yazır ki, Azərbaycan mədəniyyəti və incəsənəti ilə ilk dəfə tanış olan reimslilər bu günəşli ölkəyə maraqlarını gizlətməyərək daha ətraflı məlumat əldə etməyə çalışırdılar.


Məqalədə qeyd olunur ki, sərgidə nümayiş etdirilən eksponatlar Azərbaycanın zəngin və tarixi mədəniyyətə malik ölkə olduğu barədə fransızlarda geniş təsəvvür yaratmışdır.


Qəzetin “Reims azərbaycanlıları qəbul etmişdir” sərlövhəli digər məqaləsində deyilir: “Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, planetimizin dünyəvi dövlətlərindən biridir”.


Başqa bir yazıda isə Azərbaycan musiqiçilərinin konsertinin müvəffəqiyyətlə keçdiyi vurğulanmış və qeyd edilmişdir ki, həmin konsertə maraq o qədər böyük idi ki, konservatoriyanın konsert zalı tamamilə dolmuş, hətta bəzi tamaşaçılar ayaqüstə dayanmış, yer olmadığından zala buraxılmayan yüzlərlə reimsli qapı ağzındaca qalmışlar.


Qəzetin 19 oktyabr tarixli nömrəsində dərc olunan “Mehriban Əliyeva Reimsdə Azərbaycana həsr olunan sərgi və konserti təntənəli şəkildə açır” məqaləsində ölkəmiz, onun iqtisadi inkişafı, qədim tarixi, zəngin mədəniyyət və mənəvi dəyərləri barədə ətraflı məlumat verilir, Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun ölkəmizdə elm, təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi irimiqyaslı layihələrdən, habelə Azərbaycanın hüdudlarından kənarda göstərdiyi humanitar yardımlardan bəhs olunmuşdur.


Qəzetin 26 oktaybr tarixli nömrəsində Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə Reimsdə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” mövzusunda tədbirin böyük müvəffəqiyyətlə keçdiyi diqqətə çatdırılır. Azərbaycanın qədim bir ölkə olmasından söhbət açan müəllif bu diyarın dünya ədəbiyyatına Məhəmməd Füzuli kimi dahilər verməsi, XX əsrin əvvəllərində Şərq dünyasında ilk demokratik dövlətin Azərbaycanda qurulması, ilk dəfə qadınlara seçki hüququ verilməsi, yeraltı və yerüstü sərvətlərlə zənginliyi, tolerant mədəniyyətə, ənənələrə, tarixə və nəhayət, sivilizasiyaya malik ölkə olması haqda fransız oxucularına ətraflı məlumat verilir.


Musiqinin də bu gözəl ölkənin xəzinəsi olduğunu diqqətə çatdıran müəllif Şərqdə geniş yayılan muğamın Azərbaycanın ən qədim musiqi janrı olduğunu, 2003-cü ildə UNESCO-nun bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına daxil edildiyini bildirmişdir.


Azərbaycanın Fransadakı səfirliyinin iqtisadi məsələlər üzrə əməkdaşı Elmar Məmmədovun fikirlərinə istinadən qeyd olunur ki, Prezident İlham Əliyevin təşəbbüsü və səyi ilə 2004-cü ildə regionların inkişafı ilə bağlı xüsusi Dövlət Proqramının həyata keçirilməsinə, infrastrukturların inkişafına xüsusi diqqət yetirilməyə başlanmışdır.


Fransız iş adamlarını, səyahət həvəskarlarını Qafqazın incisi olan Azərbaycana dəvət edən səfir Elçin Əmirbəyovun vaxtilə fransız yazıçısı Aleksandr Dümanın (ata) ölkəmizə səfər etməsi, Azərbaycanın Şərq ilə Qərb arasında, qədim İpək yolunun üzərində yerləşdiyinə dair fikirləri “Azərbaycan Şalon-an-Şampanda” adlı yazıda yer almışdır.


Regionun həftəlik “Vendredi” adlı mətbu orqanında Azərbaycanla bağlı sərgi və konsertin Reimsdən sonra Şalon-an-Şampanda təşkil edildiyi və hər iki tədbirin təsəvvürəgəlməz müvəffəqiyyət qazandığı barədə ətraflı bəhs olunmuşdur. Qəzet səfirliyimizin birinci katibi Elmar Məmmədovun sözlərinə istinadən bildirir: “Zəngin neft və qaz ehtiyatları olan Azərbaycanın bu sahədə Fransa ilə yaxşı əlaqələri vardır”.


Qəzetdə Azərbaycan muğamı və onun tarixi haqqında ayrıca məqalədə ətraflı söhbət açılır, Azərbaycanın eyni zamanda “Odlar yurdu” adlandırıldığı qeyd olunur.