Untitled-1.jpg
8 noyabr 2012

“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransanın Konyak şəhərində keçirilən Azərbaycan günləri ilə bağlı tədbir yerli mətbuatda geniş işıqlandırılıb

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransanın Konyak şəhərində keçirilən Azərbaycan günləri ilə bağlı tədbirlər yerli mətbuat səhifələrində geniş işıqlandırılıb. “Cənub-Qərb” (“Sud–ouest”) və “Azad Şarant” (“Charente libre”) qəzetlərinin 5-6 noyabr tarixli nömrələrində şəhərin incəsənət və tarix muzeyində Azərbaycanın tarixini, mədəniyyətini və incəsənətini əks etdirən zəngin eksponatların nümayiş etdirildiyi sərginin yerli sakinlər arasında böyük maraq doğurduğu vurğulanıb. Sərgidən bəhs edən yazılarda Azərbaycan xalçalarının diqqəti daha çox cəlb etdiyi bildirilib.


“Cənub-Qərb” qəzetində Konyak şəhərinin meri Mişel Gurinşahın cari il oktyabr ayının əvvəllərində Azərbaycana səfəri, Gəncədə keçirilən şərabçılıq festivalında iştirakı, bu səfərdən aldığı unudulmaz təəssürat barədə fransız oxucularına ətraflı məlumat verilib.


“Azad Şarant” qəzetində səfir Elçin Əmirbəyovun şəhərin bələdiyyə idarəsinin başçısı Mişel Gurinşah tərəfindən qəbul edilməsindən söhbət açılıb. Görüşdə Fransa ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafından bəhs olunub.


“Cənub-Qərb” qəzetinin 6 noyabr tarixli nömrəsində Konyak şəhərində ölkəmizlə bağlı keçirilən tədbirlərdən bəhs edən yazı “Məftunedici mərasim” sərlövhəsi altında dərc olunub. Məqalədə qeyd olunur ki, keçmiş Sovetlər birliyinin respublikalarından biri olan və onun süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycan Asiya ilə Avropanın sərhədində yerləşən bir ölkədir. Şəhərin incəsənət və tarix muzeyində nümayiş etdirilən Azərbaycan mədəniyyəti, musiqisi və xalça nümunələri bu ölkənin qədim və zəngin tarixindən xəbər verməklə yanaşı, Azərbaycanla ilk dəfə tanış olan konyaklıların böyük marağına səbəb olmuş, onlar Qafqazın yeraltı sərvətləri, həm də mədəni irsi ilə zəngin bu ölkəsi haqqında ətraflı təsəvvür əldə etmişlər. Caz və muğam musiqisinin ifa edildiyi konsert də konyaklıların Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmalarında mühüm rol oynayıb. Gənc cazmenin ifaçılıq qabiliyyəti fransız tamaşaçıları heyrətə salıb. Onların cazmenin hər çıxışını sürəkli alqışlarla qarşılayıblar.


Məqalədə şəhərin merinin Azərbaycana səfəri, Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərində keçirdiyi görüşlər barədə məlumatlar da yer alıb.

 

http://www.sudouest.fr/2012/11/05/cognac-le-parti-de-gauche-ne-trinquera-pas-avec-les-azerbaidjanais-871048-882.php

 

http://www.sudouest.fr/2012/11/06/operation-charme-871232-813.php

 

http://www.charentelibre.fr/2012/11/06/l-azerbaidjan-soigne-son-image,1123156.php