12.jpg
15 noyabr 2012

Azərbaycanın zəngin mədəni dəyərlərindən ibarət sərgi və konsert fransızları heyrətə salıb

Azərbaycanın zəngin mədəni dəyərlərindən ibarət sərgi və konsert fransızları heyrətə salıb. Bu fikir Fransanın müxtəlif şəhərlərində Azərbaycanla bağlı keçirilən sərgi və konsert haqqında fransız mətbuatında dərc olunan yazılarda öz əksini tapıb.


Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Reims, Şalon en Şampan, Niort, Konyak və Romorantən-Lantenay şəhərlərində ölkəmizlə bağlı təşkil edilən sərgi və konsert barədə bu gün də Şampan və Sentr-Ouest regionlarında nəşr olunan qəzetlərin səhifələrində ətraflı yazılar dərc olunmaqdadır.


“La nouvelle republik” qəzetində dərc olunmuş məqalədə bildirilir ki, Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsi olan Azərbaycanla bağlı sərgi və konsert fransızlara qədim İpək yolu üzərində yerləşən və müsəlman Şərqində ilk demokratik dövlətin yarandığı Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmaq imkanı vermişdir.


“Azərbaycan: sərgi və konsert!” sərlövhəli yazıda qeyd edilir ki, konsert zamanı oğlanlardan ibarət rəqs qrupunun ifasına tamaşaçılar heyrətlərini gizlədə bilməmişlər. Bunu onların rəqqasları ayaqüstə sürəkli alqışlamaları sübut etmişdir. Azərbaycanlı qızların milli rəqsləri və məftunedici ifaları da tamaşaçılara xoş təsir bağışlamışdır.


Məqalədə bildirilir ki, mədəni əlaqələr dini baxışlara, etnik köklərə baxmayaraq, xalqlar arasında dialoq qurmağa və ölkə barədə geniş məlumat əldə etməyə şərait yaradır. Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrin qədim kökləri vardır. XIX əsrdə fransız yazıçısı Aleksandr Düma (ata) ilə Xurşid banu Natəvanın görüşü, habelə digər fransız yazıçısı Jorj Sandın “Koroğlu” eposunu fransız dilinə tərcümə etməsi, Ceyhun Hacıbəylinin Parisdə “Qafqaz” adlı jurnalı nəşr etdirməsi buna əyani misaldır. Əlbəttə, belə misallardan çox çəkmək olar.


Qəzetdə dərc olunmuş “Piramida zalında Qafqazın mirvarisini kəşf edin” adlı digər yazıda qeyd olunur ki, bu gün Azərbaycanın tarixən qədim və zəngin mədəni dəyərlərini fransızlara tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransanın müxtəlif şəhərlərində təşkil olunan sərgi və konsertin mühüm əhəmiyyətini qeyd etmək lazımdır.


Məqalənin müəllifi Vanina Le Qall Romorantən-Lantenay şəhərinin meri senator Jeanny Lojonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat əldə etmək məqsədilə bir qrup senatorla cari ilin fevral ayında Azərbaycana səfər etdiyini, onların qondarma “erməni soyqırımı”nın inkarı ilə bağlı bədnam qərarın qəbul olunması əleyhinə səs verdiklərini xatırlatmışdır.


Məqalədə, həmçinin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə incəsənət əsərlərinin, qədim musiqi alətlərinin, xalçaların və digər eksponatlardan ibarət sərginin açılışı ilə əlaqədar Azərbaycanın səfiri Elçin Əmirbəyovun Luar-e-Şer departamentinə səfər etdiyini, baş şuranın müavini Klod Bofis, deputat Partis Martən-Lalandla keçirdiyi görüşlərdə tərəfdaşlıq və əməkdaşlıqla fikir mübadiləsinin aparıldığı diqqətə çatdırılmış, Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin olduğu vurğulanmışdır.


Məqalədə Azərbaycanın cari ilin may ayında “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etməsi, böyük dini tolerant ölkə olması, 20 il əvvəl Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələr qurulması, Fransanın ticarət sahəsində Azərbaycanın ikinci tərəfdaşı olması ilə bağlı fikirlər də yer almışdır.

 

http://www.lanouvellerepublique.fr/Loir-et-Cher/Loisirs/Expos-musees/n/Contenus/Articles/2012/11/11/A-la-Pyramide-decouvrez-la-Perle-du-Caucase#