12.jpg
6 fevral 2013

“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransanın Miluz şəhərində keçirilən Azərbaycan günləri ilə bağlı tədbir yerli mətbuatda geniş işıqlandırılıb

Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycanı tanıtmaq istiqamətində Fransada keçirilən Azərbaycan günləri yerli mətbuatın diqqət mərkəzindədir. “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinə əsasən Fransanın Alzas regionunun Miluz şəhərində keçirilən tədbirlər “Alzasın son xəbərləri”, “Alzas” və digər yerli mətbu orqanlarda geniş işıqlandırılıb.

 

Alzas bölgəsində gündəlik nəşr olunan “Alzasın son xəbərləri” qəzetində dərc olunan “Miluzlular Azərbaycanı kəşf edir” sərlövhəli məqalədə qədim tarixə, zəngin mədəniyyətə, geniş turizm imkanlarına malik olan Azərbaycan ilə ilk tanışlığa Miluz şəhərindən başlanması diqqətə çatdırılıb. Şəhərdə Azərbaycan mədəni dəyərlərindən ibarət sərginin açılmasından, incəsənət ustalarımızın konserti sayəsində müluzluların ölkəmizi kəşf etmələrindən, respublikamız barədə ətraflı məlumat əldə etmələrindən söhbət açılıb.


Qəzetin “Azərbaycan mənim məhəbbətim” sərlövhəli məqaləsində Miluzda təşkil olunan sərgidə Azərbaycanın müxtəlif adda şərablarından, musiqi alətlərindən, xalçalarından, misgərlik və dulusçuluq sənəti nümunələrindən ibarət guşənin şəhər sakinləri arasında böyük maraq doğurduğu vurğulanıb.


Məqalədə beynəlxalq sərginin təşkil edildiyi “Park-ekspo” sərgi salonunun prezidenti Filipp Metronun Azərbaycan şərabları ilə bağlı səsləndirdiyi fikirlərinə də yer verilib. O, şərabçılıq sahəsində Azərbaycanın da Alzas kimi uzun yol keçdiyini, ölkəmizdə istehsal olunan şərabların keyfiyyətinə görə diqqəti cəlb etdiyini bildirib.

 

Məqalədə, eyni zamanda, Alzas regionunun və ətraf qəsəbələrin prezidenti senator Jan-Mari Bokelin Müluzun Sin teatrının binasında təşkil olunan konsertin fransızlarda böyük maraq doğurduğuna, Azərbaycanın təbii sərvətlərlə zəngin bir ölkə olduğuna dair söylədiyi fikirlərdən də bəhs olunub. Senator Azərbaycan ilə Fransa arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini bildirib, daha çox fransız müəssisələrinin ölkəmizlə əməkdaşlıq qurmaqda maraqlı olacağına ümidini dilə gətirib.

 

“Alzas” qəzetində dərc olunmuş məqalədə Miluzda təşkil edilmiş sərgidə Azərbaycan şərablarının böyük maraq doğurduğu, ölkəmizdə də şərab festivalının keçirildiyi diqqətə çatdırılıb.


“Alzasın son xəbərləri” qəzetinin başqa bir nömrəsində dərc olunmuş “Miluzlular Azərbaycanı kəşf edir” adlı məqalədə Qafqazın mirvarisi olan Azərbaycanın mədəniyyəti ilə müluzluların ilk dəfə tanış olmalarından bəhs edilir. Miluz şəhərinin sakinlərinin Şərq ilə Qərbin qovuşuğunda yerləşən, Cənubi Qafqazın əsas söz sahibi olan və on milyona yaxın əhalinin yaşadığı Azərbaycan kimi sürətlə inkişaf edən, gözəl təbiətə malik bir ölkə ilə tanışlıqda bəxtlərinin gətirdiyi qeyd edilir.


Məqalədə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinin Fransada keçirilməsi ilə iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının bayram edildiyi diqqətə çatdırılıb.

 

Azərbaycan günlərinin Miluzda keçirilməsinin heç də təsadüfü olmadığı bildirilən yazıda Alzas və ətraf qəsəbələrin prezidenti senator Jan-Mari Bokelin və onun beş senator həmkarının Azərbaycan-Fransa diplomatik əlaqələrini daha da inkişaf etdirmək üçün keçən il Bakıya səfər etdiyi xatırlanıb. Məqalədə, həmçinin senatorun “Azərbaycan sürətli inkişaf yolundadır. İnkişaf isə özlüyündə demokratiyadan xəbər verir. Azərbaycanda yalnız folklor deyil, bütün mədəni sahələrdə yüksək inkişaf tempi mövcuddur” fikirləri yer alıb.


Yazıda Miluzda açılan beynəlxalq sərgidə Azərbaycan guşəsi ilə tanış olan Fransa turizm şirkətinin rəsmisi Jan-Pyer Valterin ölkəmiz barədə söylədiklərə də yer verilib: “Avropa ilə Asiya arasında qapı rolunu oynayan Azərbaycan mədəniyyətini mütləq kəşf etmək lazımdır. Çünki qədim tarixə malik bu ölkə zəngin mədəniyyətə və geniş turizm imkanlarına malikdir. Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irisinin şedevr əsərlər siyahısına daxil olunub”.


Məqalədə Azərbaycan və fransız xalqlarının bir-birilərini yaxından tanımalarında belə tədbirlərin müntəzəm olaraq keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.


http://www.dna.fr/edition-de-mulhouse-et-thann/2013/01/30/azerbaidjan-mon-amour

 

http://www.lalsace.fr/haut-rhin/2013/02/05/musique-azerie-et-mughams