2 iyul 2013

Mehriban Əliyeva-cazibəli səfir

Fransanın Kann şəhərində beynəlxalq musiqi festivalı çərçivəsində keçiriləcək Azərbaycan mədəniyyəti həftəsi ilə bağlı ölkənin nüfuzlu “Fiqaro maqazin“ jurnalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rəhbəri Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən “Mehriban Əliyeva-cazibəli səfir “ sərlövhəli məqalə dərc olunub.


Məqalədə bildirilir ki, yeni istedadları üzə çıxarmaq, təhsilə qayğı kimi missiyaları yerinə yetirən Mehriban Əliyeva 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etməyə başlayıb, 2005-ci ildə isə parlamentə üzv seçilib. Mehriban Əliyeva ölkəsinin mədəniyyətini dünyada tanıtmağı qərara alıb və bu məqsədlə 2004-cü il mayın 10-da Heydər Əliyev Fondunu təsis edib. Onun rəhbəri olduğu bu fond böyük siyasi xadim və xalq tərəfindən ümummilli lider adlandırılan Heydər Əliyevin şərəfinə yaradılıb.


Azərbaycanın mədəni dəyərlərinin qorunub saxlanmasında Mehriban Əliyevanın xüsusi xidmətləri olduğunu vurğulayan jurnal oxucularına Heydər Əliyev Fondunun təhsil, səhiyyə və elm sahələrinin inkişafı istiqamətində həyata keçirdiyi mühüm layihələr haqqında məlumat verir. Məqalədə qeyd olunur ki, məhz bu xidmətlərinə görə fondun prezidenti Mehriban Əliyeva 2004-cü il avqustun 13-də UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb, məhz onun sayəsində Azərbaycanın ədəbiyyatı və musiqi ənənələri beynəlxalq aləmdə tanınıb. Mehriban Əliyeva müxtəlif ölkələrə rəsmi səfərlər etməklə və Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər keçirməklə ölkəsini dünyada layiqincə tanıtmağa müvəffəq oub.


“Fiqaro maqazin“ Bakıda keçirilən “ Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsini, gimnastika üzrə Avropa və dünya çempionatlarını buna misal gətirərək yazır ki, Mehriban Əliyeva Azərbaycanın beynəlxalq əlaqələrinə, xüsusən Fransa ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasına xüsusi töhfələr verib. Məqalədə Mehriban Əliyevanın Fransa ilə ikitərəfli əlaqələrin inkişafındakı xidmətlərinə görə ölkənin ən yüksək mükafatı olan Fəxri Legion ordeninə layiq görüldüyü vurğulanır.


Müəllif Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Fransanın müxtəlif mədəni abidələrinin bərpasına göstərdiyi yardım haqda da yazır. Fondun Versalda iki abidənin, Strasburqda XV əsrə aid kafedralın beş vitrinin bərpasına yardım etdiyi, Luvr muzeyində İslam İncəsənət Departamentinin yaradılmasında yaxından iştirakı vurğulanır.


Jurnalda Mehriban Əliyevanın həyat yolu barədə məlumat verilir, onun xoşməramlı səfir kimi fəaliyyətindən danışılır. Mehriban Əliyevanın Pakistanda zəlzələ nəticəsində dağılmış məktəb binasının yenidən qurulmasına, Haitidə bir neçə mədəni abidənin bərpasına, Fransa Terror Qurbanları Assosiasiyasına yardım göstərməsindən bəhs olunur.


Mehriban Əliyevanın ölkəsində təhsilin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edən “Fiqaro maqazin“ Heydər Əliyev Fondu tərəfindən ayrı-ayrı rayonlarında yüzlərlə məktəb binasının təmir olunmasından, müasir tipli məktəb binalarının tikilməsindən və lazımi avadanlıqlarla təchiz edilməsindən, xəstə uşaqlara göstərilən xüsusi qayğıdan söz açır.


Məqalədə daha sonra 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik qazanan Azərbaycanın mədəni dəyərlərinin Fransada təbliği sahəsində Mehriban Əliyevanın xidmətləri xatırlanır, iyulun 4-dən etibarən Kannda beynəlxalq musiqi festivalı çərçivəsində keçiriləcək Azərbaycan mədəniyyəti həftəsində birinci xanımın şəxsən iştirak edəcəyi vurğulanır.


Mədəniyyət həftəsi barədə də oxucularına ətraflı məlumat çatdıran jurnal fransız tamaşaçılarının istedadlı azərbaycanlı cazmen İsfar Sarabskinin, milli rəqs ansamblının və digər musiqi kollektivlərinin konsertlərini izləmək, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində təşkil ediləcək sərgi ilə yaxından tanış olmaq imkanı qazanacaqlarını diqqətə çatdırır.