4 iyul 2013

Fransanın “Nice-matin” qəzeti Kannda keçiriləcək Azərbaycan mədəniyyəti günlərindən yazır

Fransanın cənub bölgəsində nəşr olunan “Nice-matin” qəzetinin 4 iyul tarixli nömrəsində “Azərbaycanın zəngin mədəniyyəti” sərlövhəli məqalə dərc olunub.


Qəzet xəbər verir ki, mədəniyyət günlərinin açılışında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşa iştirak edəcəklər. Tədbir çərçivəsində müxtəlif məzmunlu dörd sərgi nümayiş olunacaq. İlk gün Kann sakinləri Azərbaycanın müasir incəsənətinə həsr edilən sərgiyə baxa biləcəklər. Axşam isə Azərbaycanın şərəfinə atəşfəşanlıq təşkil ediləcək.


Məqalədə iyulun 5-də şəhərin məşhur Festivallar Sarayında Heydər Əliyev Fondu tərəfindən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” adlı sərginin açılacağı və onun iyulun 20-dək fəaliyyət göstərəcəyi, iyulun 6-da Debüssi teatrının binasında Azərbaycan Simfonik Orkestrinin böyük konsert proqramı ilə çıxış edəcəyi, iyulun 7-də isə “Arşın mal alan” filminin nümayiş etdiriləcəyi bildirilir. Həmi gün Azərbaycanın milli rəqsləri də ifa olunacaq.


Mədəniyyət günləri çərçivəsində fransızların Azərbaycanın caz musiqisi ilə də yaxından tanış olmaq imkanı qazanacaqlarını diqqətə çatdıran qəzet konsertdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirak edəcəyini vurğulayır.


Qəzet yazır ki, bu, Kann sakinlərinin zəngin Azərbaycan mədəniyyəti ilə ilk geniş tanışlıq fürsəti olacaq.


http://www.nicematin.com/cannes/la-culture-azerbaidjanaise-a-lhonneur-a-cannes.1331935.html