9 iyul 2013

Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri yerli mətbuatda geniş işıqlandırılıb

Fransanın kütləvi informasiya vasitələri ölkənin cənubunda hər il beynəlxalq kino festivallarının keçirildiyi Kann şəhərində iyulun 4-dən 7-dək təşkil olunan Azərbaycan mədəniyyəti günləri ilə bağlı tədbirləri geniş işıqlandırıb.


Fransanın cənub bölgəsində gündəlik nəşr olunan nüfuzlu “Nice-matin” qəzetində dərc edilən “Möhtəşəm atəşfəşanlıq” sərlövhəli məqalədə Protexnik incəsənət festivalı mövsümünün Azərbaycan mədəniyyəti günləri ilə başladığı diqqətə çatdırılır, möhtəşəm atəşfəşanlığın Kann şəhərinin fəxri qonağı Azərbaycanın şərəfinə təşkil edildiyi vurğulanır. Azərbaycan bayrağının rənglərinin təsviri ilə başlayan atəşfəşanlığın yaddaqalan gözəl kompozisiya əsasında təşkil edildiyi, onun Azərbaycan musiqisinə uyğun icra olunduğu bildirilir.


Qəzetin “Kann Festivallar sarayında Azərbaycan gözəlliyi bayram edilir” sərlövhəli yazısında isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən konsertlərdən və “Arşın mal alan” filminin nümayişindən söhbət açılır, bu tədbirlərin Qafqazın mirvarisi olan Azərbaycanın qədim tarixi, zəngin mədəni dəyərləri, turizm imkanları barədə geniş məlumatın əldə olunmasında xüsusi əhəmiyyəti qeyd olunur.


Qəzetin “Azərbaycan Kannda” yazısında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransanın bir çox şəhərlərində təşkil olunan sərginin Kannın məşhur Festivallar sarayında fəaliyyətə başladığı diqqətə çatdırılır. Sərgidə ən qədim pulların nümayişinin ölkəmizin zəngin tarixindən xəbər verdiyi, Odlar diyarının simvollarından biri olan Qız qalasının UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edildiyi bildirilir.


Yazıda “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində təşkil olunan sərginin ölkəmizin tarixini və mədəniyyətini təqdim etdiyi, fransızların Azərbaycan haqqında hərtərəfli məlumatlanmalarında xüsusi rol oynadığı vurğulanır, arxeoloji tapıntıların, misdən hazırlanan əşyaların, qədim musiqi alətlərinin, əlvan naxışların vurulduğu qədim xalçaların sərgiyə gələnlərin böyük marağına səbəb olduğu diqqətə çatdırılır.


Sərginin “Hisslər” bölməsində azərbaycanlı rəssamların çoxsaylı əsərlərinin nümayiş etdirilməsindən, onların texniki baxımdan ustalıqla kətan üzərində çəkilməsindən, müxtəlif əsərlərdə insan hisslərinin rəngarəng formada tamaşaçılara çatdırılmasından ətraflı söhbət açan qəzet tədbir zamanı Azərbaycan Dövlət simfonik orkestrinin uğurlu çıxışından bəhs edir, kollektivin əsasının 1920-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən qoyulduğunu, keçmiş Sovet İttifaqının ən yaxşı orkestrləri sırasında yer aldığını, vaxtilə ona məşhur bəstəkarlardan Rene Batonun və Otto Klemperenin dirijorluq etdiklərini vurğulayır.


Məqalədə, həmçinin Fəxrəddin Kərimovun dirijorluq etdiyi simfonik orkestrin dünyanın bir çox ölkələrində uğurlu çıxış etməsindən də danışılır.


“Natiq” ritm qrupunun və Dövlət rəqs ansamblının mədəniyyət günləri çərçivəsindəki çıxışları haqda da yazan qəzet fransız tamaşaçıların Azərbaycanın zəngin mədəni dəyərləri arasında nağaraya xüsusi maraq göstərdiklərini, onun Azərbaycan folkloruna məxsus çalğı aləti olduğunu, ritm qrupunun 2010-cu ildə Seulda keçirilən beynəlxalq festivalda müvəffəqiyyətlə çıxış etdiyini vurğulayır.


Fransanın nüfuzlu “TV5 Monde” televiziya kanalı isə Kannda keçirilən Azərbaycan mədəniyyəti günlərinə həsr etdiyi verilişində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransada keçirilən Azərbaycan günlərinin ölkəmizin qədim tarixini, zəngin mədəni irsini fransızlara yaxından tanıtmaq məqsədi daşıdığını diqqətə çatdırıb, belə tədbirlərin iki ölkə arasında mədəni əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malik olduğunu bildirib.


Azərbaycan muğamı və caz musiqisindən söhbət açılan verilişdə gənc cazmenlərdən Şahin Növrəsli və İsfar Sarabskinin beynəlxalq caz festivallarında müvəffəqiyyətli çıxışlarından bəhs olunub, ölkəmizin memarlıq abidələri, Bakının görməli yerləri, təkrarolunmaz təbiəti, turizm imkanları nümayiş etdirilib.


“Cezar.fr” və “artcotedazur” portallarında isə Heydər Əliyev Fondunun yaranmasından, Azərbaycan ilə Fransa arasında əməkdaşlığın qurulması və möhkəmlənməsi, iki xalqın bir-birinə yaxınlaşması istiqamətində fəaliyyətindən, ölkəmizdə və xaricdə müxtəlif tədbirlər həyata keçirməsindən bəhs olunur. Portallar Fonda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın prezidentlik etdiyini, qurumun vitse-prezidenti Leyla Əliyevanın incəsənətə xüsusi maraq göstərdiyini, xarici ölkələrdə Azərbaycan incəsənəti ilə bağlı təşkil olunan sərgilərdə onun müəllifi olduğu əsərlərin böyük müvəffəqiyyət qazandığını diqqətə çatdırırlar.