22 iyul 2013

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından Pakistanda kimsəsizlər üçün iftar süfrəsinin təşkili yerli mətbuatda geniş işıqlandırılıb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın İslamabad şəhərindəki “Edhi Homes” kimsəsizlər evində iftar süfrəsinin təşkil olunmasıyerli mətbuatda geniş işıqlandırılıb.


Pakistanın nüfuzlu ingilisdilli qəzetlərindən olan “The News”, “Pakistan Observer”, “The Lahore Times”, “Diplomatic Star” jurnalı və “DNA NEWS”,“Pakistan in the World”, “One Pakistan” informasiya agentlikləri, həmçinin urdudilli “Jang”, “Jahan e Pakistan” qəzetlərində bu haqda ətraflı məlumat verilib.


Mətbuat Pakistanın tanınmış dövlət və ictimaiyyət xadimlərinin iştirak etdikləri tədbirdə Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi irimiqyaslı layihələr haqda danışıldığını qeyd edir.


Pakistan KİV-i yazır ki, Heydər Əliyev Fondunun Pakistanda reallaşdırdığı silsilə humanitar yardım proqramları çərçivəsində “Edhi Homes” kimsəsizlər evində sığınacaq tapan uşaqlar, həmçinin Xayber Paxtunxva əyalətinin on minlərlə sakini tibbi müayinə olunub, hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılıb, Peşavər şəhərinin “Akbar Care” Serebral İflic İnstitutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilib, həmçinin Kulsum İnternational xəstəxanasında pulsuz açıq ürək əməliyyatları təşkil olunub.


Mətbuat Heydər Əliyev Fondu tərəfindən Həmza Fondu üçün müasir qanköçürmə avadanlığı və laboratoriyası ilə təchiz edilmiş təcili tibbi yardım maşını və 2000 ədəd qanköçürmə paketinin alındığını, Ramazan ayı və Qurban bayramında Pəncab, Sind, Xayber Paxtunxva və Bəlucistan əyalətlərində humanitar aksiyaların keçirildiyini, Xayber Göz Fondunun yeni binasının inşasına maliyyə dəstəyinin ayrıldığını, Saif Fonduna maddi yardımların edildiyini də oxucuların diqqətinə çatdırır.


Pakistan KİV-i ölkənin Müzəffərabad şəhərində zəlzələ zamanı dağılmış məktəbin yerində 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən yeni müasir qızlar məktəbinin inşa edildiyini, 2012-ci ildə əsaslı təmirdən sonra bu tədris mərkəzinə Pakistan hökumətinin təşəbbüsü ilə Mehriban Əliyevanın adı verildiyini də xatırladır.


http://pakistan.onepakistan.com.pk/news/city/islamabad/230758-iftar-dinner-hosted-for-beneficiaries-of-edhi-homes.html