02.jpg
26 avqust 2013

“Yenilik yaratmış qadın”

Pakistanın nüfuzlu ingilis dilli “Pakistan Observer”, “Metro Watch” və urdu dilli “Daily Azkaar”, “Kashmir Post” qəzetlərində, həmçinin “DNA News” informasiya agentliyi və “Centreline” jurnalında tanınmış jurnalist, Pakistanın Sülh və Diplomatiya İnstitutunun icraçı direktoru xanım Farhat Nurun “Yenilik yaratmış qadın” adlı məqaləsi dərc edilib.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan məqalədə tarix boyu dünyanı saflaşdırmağa çalışan, başqalarına yol açmaq üçün təşəbbüs göstərən qadınların olduğu, onların yaşadıqları dövrdə mühüm rol oynadıqları vurğulanır. Bildirilir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva cəmiyyətə təsir göstərərək onu müsbətə doğru dəyişdirməyə, insanların qəlblərini fəth etməyə qadir olan xanımlardandır.

 

Müəllif qeyd edir ki, Mehriban Əliyevanın ailə üzvləri - Azərbaycanın tanınmış ziyalıları Mir Cəlal Paşayev, Arif Paşayev və Aida İmanquliyeva hələ uşaqlıq yaşından ona insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi, millətinə sadiq olmağı öyrədiblər. Elə ona görədir ki, Mehriban Əliyeva öz həyatını xalqının rifahı, milli və dünya mədəni irsinin inkişafına həsr edib.

 

Məqalədə bildirilir ki, Mehriban Əliyeva 2004-cü il mayın 10-dan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan fonda rəhbərlik edir. Fondun əsas məqsədinin ölkənin sosial, iqtisadi və mədəni inkişafına dəstək vermək olduğunu bildirən Farhat Nur Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ölkədə məktəblərin, xəstəxanaların, talassemiya mərkəzinin, konsert zallarının, musiqi liseylərinin, məscidlərin inşa edildiyini vurğulayır. Yazıda uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımların olunduğu0, əlil uşaqların cəmiyyətə inteqrasiyası üçün yay düşərgələrinin yaradıldığı, qanvermə və insulin paylaşdırılması proqramlarının həyata keçirildiyi barədə məlumat verir.

 

Məqalədə Fondun fəaliyyətinin prioritet istiqamətlərindən olan mədəniyyət sahəsində görülmüş işlər - beynəlxalq müsabiqələr və konsertlər, son illərdə inşa edilən Muğam Mərkəzi və Niaqarada keçirilən muğam günləri, digər çoxsaylı musiqi festivalları, Azərbaycan mədəniyyəti, musiqisi və tarixi haqqında nəşrlər barədə məlumatlar da yer alır.

 

Azərbaycanın birinci xanımının dinlərarası dialoq mövzusunda beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı olduğunu, Azərbaycanda bütün dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadığını bildirən jurnalist vurğulayır ki, Mehriban Əliyevanın təşəbbüsü ilə bir sıra dini məbədlər, ziyarətgahlar, məscidlər və kilsələr yenidən qurulub.

 

Farhat Nur dünya irsinin qorunub saxlanması istiqamətində Mehriban Əliyevanın gördüyü işlər barəsində də ətraflı məlumat verir və bu sırada Strasburq kafedral kilsəsinin yenidən qurulmasını, Luvr muzeyində İslam İncəsənət Mərkəzinin təsis edilməsini və Versal sarayında təmir işləri aparılmasını xüsusi vurğulayır. Bundan başqa, yazıda Heydər Əliyev Fondunun Haitidə mədəniyyət məbədlərinin təmirinə və Fransa Terror Qurbanları Assosiasiyasına maddi dəstək verdiyi qeyd olunur.

 

Məqalədə, həmçinin Azərbaycanın Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın nüfuzu sayəsində müxtəlif vaxtlarda gimnastika üzrə beynəlxalq yarışların Bakıda keçirildiyindən, onun idmana qayğısından, Heydər Əliyev Fondunun olimpiya və paralimpiya oyunlarının qaliblərini mükafatlandırmasından söhbət açılır.

 

Pakistanlı jurnalist Farhat Nur Mehriban Əliyevanın Avropanın ən mötəbər mahnı müsabiqəsi olan “Eurovision -2012”nin keçirilməsinə rəhbərlik etdiyini vurğulayır və bildirir ki, Bakıya gələn çoxsaylı turistlər Azərbaycan xalqının qonaqpərvərliyi ilə yanaşı, yüksək səviyyədə təşkil edilən müsabiqəyə və Bakının gözəlliyinə heyran olublar.

 

“Yenilik yaratmış qadın” məqaləsində Mehriban Əliyevanın Azərbaycan folklorunun və musiqi irsinin inkişafına görə UNESCO-nun, həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə isə ISESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü barədə də məlumat verilir.

 

Məqalənin böyük bir hissəsi Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən layihələrdən bəhs edir. Müəllif yazır ki, 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi üçün müasir bina inşa edilib, 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra məktəbə Mehriban Əliyevanın adı verilib. Bundan başqa, 2012-2013-cü illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanda səhiyyə, təhsil və humanitar sahələrdə bir sıra layihələr icra edilib, “Edhi Home” kimsəsizlər evləri, “Akbar Care” institutu, serebral iflic klinikası və Lakki Marvat uşaq və qadın xəstəxanasında hepatit B virusuna qarşı peyvəndləşdirmə və müayinələr aparılıb, Saif Fonduna maddi yardımlar göstərilib. Peşavar şəhərində qan xəstəliklərinin müayinəsi ilə məşğul olan Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş təcili tibbi yardım avtomobili və minlərlə qan köçürmə paketi verilib. Heydər Əliyev Fondu Pakistanın Xayber Paxtunxava əyalətində həyata keçirdiyi humanitar layihələr proqramı çərçivəsində Xayber Göz Fondunun nəzdində fəaliyyət göstərən göz klinikasının yeni blokunun tikintisinə də maddi yardım göstərib.

 

Məqalədə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2012-2013-cü illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələri təşkil edildiyi, Lakki Marvat bölgəsində Qurban bayramında yüzlərlə qurbanlıq heyvanların kəsilərək əhalinin kasıb təbəqələrinə paylandığı da diqqətə çatdırılır.

 

Müəllif Azərbaycanın birinci xanımının Pakistandakı humanitar fəaliyyətinin iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə və genişləndirilməsinə xidmət etdiyini vurğulayır. Yazıda Mehriban Əliyevanın 2012-ci ildə Pakistanda həyata keçirilmiş layihələrə görə bu ölkənin Qadın Könüllülər Təşkilatı və “Daily Times” qəzeti tərəfindən “Humanizm simvolu - 2012-ci ilin adamı” mükafatı ilə təltif olunduğu qeyd edilir.

 

Farhat Nur məqaləsində Mehriban Əliyevanın dünya mədəni irsinin qorunub saxlanması istiqamətində gördüyü işlərə görə bir sıra dövlətlərin orden və medalları ilə təltif olunduğunu da xatırladır.