Screenshot_2.png
14 dekabr 2013

“Azərbaycan mədəniyyəti diqqət mərkəzində”

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Fransanın Reyms və Miluz şəhərlərində dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə keçirilmiş tədbirlər, Azərbaycanın Fransada təşkil olunmuş beynəlxalq yarmarkada iştirakı yerli mətbuatda geniş işıqlandırılıb.


Fransanın “L’union” qəzetində Reyms şəhərində keçirilən beynəlxalq yarmarkadan bəhs edilir. Yazıda Otel de Vill meydanındakı canlanmadan, dünyanın bir çox ölkələrinin təqdim etdiyi sərgi mallarından danışılır, yarmarkada beynəlmiləl bayram əhvalının yaşandıgı xüsusi vurğulanır. Müəllif bildirir ki, Böyük Britaniya, Hindistan, Polşa və digər dövlətlərin qatıldığı yarmarkada Reymslə qardaşlaşmış Florensiya (İtaliya), Arlinqton (ABŞ), Meknes (Mərakeş) şəhərləri  ilə yanaşı, Azərbaycanın Gəncə şəhəri təmsil olunub. Gəncə şəhərinin sərgidə nümayiş etdirdiyi Azərbaycan şərablarının dadı da yüksək qiymətləndirilir.


Qəzetdə yer almış diğər məqalədə ötən il Azərbaycanın Reyms şəhərində keçirdiyi sərgidən sonra tərəflər arasında əlaqələrin genişləndiyi vurğulanır, meriya meydanında təşkil edilmiş Milad bayramında Azərbaycanın da təmsil olunduğu bildirilir.


Qəzet To sarayında görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəviyə həsr olunmuş maraqlı sərgidən bəhs edir. Yazıda Məhsəti Gəncəvi yaşadığı dövrdə əfsanəyə çevrilmiş şəxs, mütərəqqi fikirlərin müəllifi kimi təqdim olunur: “Bu maraqlı sərgi və milli musiqidən ibarət konsert Fransada Qafqaz ruhunun kəşfi idi”.


“L’Alsace Mulhouse” qəzetində isə Fransanın Muluz şəhərində “XII və XXI əsrləri birləşdirən körpü: Azərbaycan şairəsi və filosofu Məhsəti Gəncəvinin yaradıcılığı” layihəsi çərçivəsində keçirilən tədbirdən ətraflı bəhs olunur. “Azərbaycan mədəniyyəti diqqət mərkəzində” başlıqlı yazıda Şərq intibahının təmsilçisi Məhsəti Gəncəvi dünyada əbədi həyat qazanmış şairlər sırasında təqdim edilir: “Bunun  səbəbi Məhsətinin humanist ideyaları, azadlıq və saf sevgi haqqında fikirləri ilə bütün Şərq və Qərb şairlərindən fərqlənməsi idi”.


http://www.lunion.presse.fr/region/un-marche-international-place-de-la-mairie-ia3b24n258490


http://www.lunion.presse.fr/culture-loisirs/l-azerbaidjan-revient-avec-un-concert-et-une-exposition-ia0b0n259226