asdasd.jpg
18 dekabr 2013

Parisdə təşkil olunmuş “Azərbaycan – tolerantlıq məkanı” foto sərgisi yerli mətbuatda

Parisdə nəşr olunan “Grands reportages” jurnalında noyabrın 22-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində soydaşımız, tanınmış fotoqraf Reza Deqatinin Heydər Əliyev Fondunun təşəbbüsü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan – tolerantlıq məkanı” fotosərgisi haqda məqalə dərc edilib.

 

“Reza-Tolerantlığa ehtiram” sərlövhəli məqalədə sərgi haqqında ətraflı məlumat verilib: “Sərgidə təqdim edilən fotolarda Azərbaycandakı mədəni müxtəliflik nümayiş olunur. Bu, fransız ictimaiyyətinin böyük marağına səbəb olub”.

 

Yazıda bildirilir ki, Rezanın sərgi üçün Azərbaycanı seçməsi heç də təsadüf deyil: “O, çox yaxşı tanıdığı ölkəyə dəfələrlə səfər edib, müxtəlif dinə etiqad göstərən xalqların - xristianların, müsəlmanların, yəhudilərin Azərbaycanda qarşılıqlı hörmət və dostluq şəraitində yaşamaları Rezanın diqqətini çəkib. Nəticədə onda bu tolerantlıqdan bəhs edən fotosərgi təşkil etmək ideyası yaranıb”.

 

Müəllif Azərbaycanda müxtəlif dillərə və dinlərə mənsub insanların bir-birinə hörmətlə yanaşdıqlarını, qarşılıqlı inam bəslədiklərini vurğulayır: “Azərbaycanda yaşayan xalqlar Ramazanı müsəlmanlarla, Pasxanı xristianlarla və Pessahı yəhudilərlə birlikdə bayram edirlər. Yəhudilərin sıx yaşadıqları Quba rayonundakı Qırmızı qəsəbədə onlar üçün yaradılan yüksək şərait Azərbaycanda tolerantlığın bariz nümunəsidir”.

 

Məqalədə “Azərbaycan - tolerantlıq məkanı” sərgisinin ilk dəfə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının binasında, daha sonra Brüsseldə Avropa Parlamentinin mənzil-iqamətgahında və UNESCO-da nümayiş etdirildiyi qeyd olunur.

 

Jurnal sərginin ilin sonunadək açıq olacağını, gələn ildən etibarən isə başqa yerlərdə nümayiş etdiriləcəyini yazır.

 

Jurnalda sərgidə nümayiş etdirilən bir neçə foto da dərc olunub.


http://www.grands-reportages.com/actu-reza-hommage-tolerance