Untitled-3.jpg
9 yanvar 2014

“Dahi Nizami Gəncəvi”

Fransa mətbuatında Strasburqun Reyn sarayında dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş sərgi ilə bağlı növbəti məqalə dərc olunub. Alzas regionunun ən nüfuzlu gündəlik mətbuat orqanı olan “Alzasın son xəbərləri” qəzetində dərc edilmiş “Dahi Nizami Gəncəvi” sərlöhvəli məqalədə sərginin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirildiyi vurğulanır.

 

Müəllif bildirir ki, “XII və XXI əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvi yaradıcılığı (1141-1209)” mövzusunda təşkil olunmuş sərgidə dahi şairin “Xəmsə”sinin motivləri əsasında çəkilmiş illüstrasiyaları əks etdirən xalçalar, gündəlik məişət əşyaları, gümüş məmulatlar və fiqurlar, o cümlədən böyük mütəfəkkirin doğulub boya-başa çatdığı Gəncə şəhərinin qədim görüntüləri və müasir fotoları nümayiş etdirilir.

 

Nizami Gəncəvinin yaradıcılığının heyrətamiz müasirliyini vurğulayan müəllif hələ XII əsrdə azadlıq, bərabərlik, qardaşlıq, dini azadlıq və sair kimi dəyərlərin onun əsərlərinin əsas mövzularından olduğunu bildirir.

 

Yazıda bildirilir ki, gender bərabərliyi Konstitusiyasında təsbit olunmuş Azərbaycan 1920-ci ilədək davam edən qısa müstəqilliyi dövründə müsəlman Şərqinin qadınlara səsvermə hüququnun verdiyi ilk ölkə olub.

 

Müəllif Nizami Gəncəvi yaradıcılığının Azərbaycanın istər orta, istərsə də ali təhsil ocaqlarında tədris olunduğunu bildirir, onun əlyazmalarının bir nüsxəsinin Strasburq Mərkəzi Kitabxanasında saxlandığını, əsərlərinin bir çox xarici dillərə, o cümlədən fransız dilinə tərcümə olunduğunu qeyd edir.

 

“Sərgiyə gələn insanları heyrətləndirən əsas məqam Nizami Gəncəvi yaradıcılığının müasirliyidir. Bu, Azərbaycanın qədim İpək Yolunun üzərində yerləşməsi ilə də bağlıdır. Çünki həmin yolla Şərqlə Qərb arasında musiqi, fəlsəfi ideyalar və ədəbi əsərlər mübadilə olunub”, - deyə yazıda vurğulanır.

 

Yazının sonunda bildirilir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məqsədi Azərbaycanın dünyada tanıdılması, ölkənin dünya mədəniyyətinə verdiyi töhfənin diqqətə çatdırılmasıdır.

 

http://www.dna.fr/culture/2014/01/07/nizami-gandjavi-le-sage