Untitled-4.jpg
27 yanvar 2014

“Nizami Gəncəvi – böyük romantik və epik şair”

Birləşmiş Ərəb Əmirliyində ingilis dilində nəşr olunan nüfuzlu “Arabian gazette” qəzetində jurnalist Rahma Raşdinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından bəhs edən yazısı dərc olunub. “Nizami Gəncəvi-böyük romantik və epik şair” sərlövhəli yazıda Parisin Məktublar və Əlyazmalar Muzeyində, Strasburqun Reyn sarayında dahi şairin yaradıcılığına həsr olunmuş sərgilərdən də danışılır, bu sərgilərin Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirildiyi bildirilir.

 

Məqalədə, Nizami Gəncəvinin (1141-1209) XII əsrdə intibah dövrünün və Azərbaycanın böyük filosof şairi olduğu, onun “Leyli və Məcnun” əsəri əsasında eyni adlı tamaşanın hazırlandığı, bu poemanın Şekspirin “Romeo və Culyetta” əsərindən xeyli əvvəl qələmə alındığı və dünyada məşhur olduğu xatırlanır.

 

Müəllif, şairin üçüncü epik poeması olan “Leyli və Məcnun” əsərinin 1188-ci ildə tamamlandığını, əsərin əsas məzmununun ərəb əfsanələrindən alındığını, psixoloji məqamlarla zəngin əsərdə iki gəncin nakam məhəbbətindən söhbət açıldığı barədə oxuculara ətraflı məlumat verib.

 

“Nizami Gəncəvi şair olmaqla yanaşı, həm də dövrünün filosofu, astroloqu, həkimi, rəssamı, coğrafiyaşünası və tarixçisi olub”, - deyə qəzet yazır.

 

Jurnalist şairin Azərbaycanın qədim şəhəri olan Gəncədə anadan olduğunu, onun xatirəsinə şəhər yaxınlığında məqbərənin inşa edildiyini, Bakıdakı ədəbiyyat muzeyinin şairin adını daşıdığını, onun əsərlərində zəngin müsəlman sivilizasiyasının ənənələrini yaşatdığını, bərabərlik, qardaşlıq və azadlıq kimi ideyaların əks olunduğunu bildirir: “Dövrünün tanınmış alim və şəxsiyyətlərindən olan Biruni, əl-Farabi, Rumi, Hafiz, Cami, Aristotel, Platon və digər dahilərin əsərləri ilə yaxından tanış olan, onların yaradıcılığından bəhrələnən Nizami Gəncəvinin “Xəmsə”si nəinki Şərqin, həm də dünya ədəbiyyatının nadir incilərindən biridir”.

 

Qəzetdə Parisdə və Strasburqda Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən sərgilərdən fotolar da dərc olunub.


http://arabiangazette.com/nizami-ganjavi-greatest-epic--romantic--poet/


Paylaş: