02_VYETNAM-MEQALE-MEHRIBAN-XANIM.jpg
4 iyun 2014

"2014-cü ilin ən nüfuzlu xanımının Vyetnama səfəri"

“Vyetnam qadını” jurnalının iyun buraxılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunmuş “2014-cü ilin ən nüfuzlu xanımının Vyetnama səfəri” sərlövhəli məqalə dərc edilib.

 

“Vyetnam qadını” ölkənin 15 milyondan çox üzvü olan Qadınlar Birliyinin mətbu orqanıdır.

 

Məqalədə bildirilir ki, bu il mayın 18-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyevanın bu ölkəyə gəlməsi yerli kütləvi informasiya vasitələri ilə yanaşı, sadə vyetnamlıların da böyük marağına səbəb olub.

 

Dünyanın 135 ölkəsinə yayılan jurnalda Mehriban Əliyevanın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı rolundan bəhs olunur. “Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu, onun təşəbbüsü ilə təsis edilmiş və bir neçə xarici dildə nəşr olunan “İrs” jurnalı Azərbaycan mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verir”, - deyə məqalədə bildirilir: “Azərbaycanın xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılmasında və inkişaf etdirilməsi sahəsində əvəzsiz xidmətlərinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb”.

 

Yazıda Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun Azərbaycanda və dünyanın bir sıra ölkələrində həyata keçirdiyi xeyriyyəçilik tədbirlərindən, Mehriban Əliyevanın Milli Məclisin deputatı və hakim Yeni Azərbaycan Partiyasının sədr müavini kimi siyasi fəaliyyətindən də bəhs olunur: “Mehriban Əliyeva çoxşaxəli fəaliyyətinə görə Azərbaycanda və dünyada bir sıra mötəbər mükafatlara layiq görülüb, müxtəlif yerli və xarici təşkilatlar tərəfindən keçirilmiş ictimai rəy sorğularında bir neçə dəfə ilin ən nüfuzlu xanımı seçilib”.


VİDEO