8 iyul 2014

Fransanın “Nice-Matın” qəzeti Kannda keçiriləcək Azərbaycan günləri haqda yazır

Fransanın “Nice-Matın” qəzetinin 8 iyul tarixli nömrəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində keçiriləcək Azərbaycan günlərindən bəhs edən “Azərbaycan bu axşamdan etibarən öz mədəni incilərini təqdim edir” sərlövhəli məqalə dərc olunub.

 

Məqalədə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın Asiya və Avropanın qovuşuğunda yerləşdiyi bildirilir, ölkə haqqında ətraflı məlumat verilir.

 

Azərbaycanın Kannda ikinci dəfə qonaq olduğunu xatırladan müəllif bildirir ki, Azərbaycan günləri çərçivəsində ölkəmizin mədəni irsi, adət-ənənələri, 2015-ci ildə Bakıda təşkil olunacaq Avropa oyunları ilə bağlı tədbirlər keçiriləcək.

 

Yazıda Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun mətbuat konfransında söylədiyi fikirlərə istinadən qeyd olunur ki, Azərbaycan günlərinin keçirilməsində məqsəd ölkənin mədəniyyətinin müxtəlifliyini nümayiş etdirməkdir.

 

Məqalədə Azərbaycan mədəniyyəti günləri ilə bağlı tədbirlərin iyulun 8-də Azərbaycan caz musiqisi ilə başlayacağı, keçiriləcək tədbirlər haqda qəzetin növbəti nömrələrində ətraflı məlumat veriləcəyi vurğulanır.