12 iyul 2014

“Euronews” telekanalında Heydər Əliyev Fondunun Kannda təşkil etdiyi yürüş haqqında süjet yayımlanıb

“Euronews” televiziya kanalı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunmuş yürüş haqqında süjet hazırlayıb.

 

Reportajda Kannın Kruazet sahilinin Azərbaycan bayraqları ilə bəzədildiyi vurğulanıb: “Bu Qafqaz respublikasında ilk Avropa Olimpiya oyunlarına hazırlığın başlanması belə qeyd edilib. Bu hadisə şərəfinə Aralıq dənizi sahilləri boyunca qeyri-formal qaçış təşkil edilib”.

 

Reportajda yürüşün qalibi – Nitsanın 25 yaşlı sakini Maksans Vodelin fikirlərinə də yer verilib: “Bazar günü bu idman növü üzrə peşəkar olmayan insanlarla birlikdə qaçmaq çox xoş idi”.

 

Yürüşün 3 qalibinin Bakıda keçiriləcək ilk Avropa oyunlarına dəvətnamə qazandıqlarının qeyd olunduğu reportajda bildirilir ki, dəvətnamələri onlara Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdim edib: “Təqdimatda Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov da iştirak edib”.

 

Süjetdə yürüşün Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirildiyi də vurğulanır.


http://www.euronews.com/2014/07/11/azerbaijan-comes-to-cannes-with-a-spring-in-it-its-step/


VİDEO