15 iyul 2014

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri “Euronews” kanalında

“Euronews” kanalında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri haqda süjet yayımlanıb.


Süjetdə Azərbaycan mədəniyyəti günləri çərçivəsində konsert və sərgilərin təşkil edildiyi, əsas sərginin “Azərbaycan - ənənələr və gələcəyin ölkəsi” adlandırıldığı bildirilir.


Azərbaycanın dostları cəmiyyətinin üzvü Nataniel Beker telekanala açıqlamasında ekspozisiyanın üç bölmədən ibarət olduğunu deyir: “Onun mərkəzi hissəsini təsviri-tətbiqi incəsənət, xalçaçılıq, milli musiqi alətləri, misgərlik nümunələri təşkil edir”.

 

Süjetdə bildirilir ki, sərginin digər bölməsi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunub: “Nizami Gəncəvi orta əsrlərdə Şərqin ən görkəmli şairlərindən biri olub. O, epik poeziyaya danışıq dili və realistik üslub gətirib. Nizaminin əsas əsərləri beş poemadır. Bunlardan birinin ən sevilən personajları Şərq əfsanəsinin qəhrəmanları olan Leyli və Məcnundur”.

 

Telekanal sərginin daha bir bölməsində Azərbaycan rəssamları haqqında məlumat verildiyini, orada rəssamlar Xalidə Səfərovanın və Kamil Nəcəfzadənin əsərlərinin nümayiş olunduğunu vurğulayır: ““Azərbaycan - ənənələrin və gələcəyin ölkəsi” sərgisi iyulun 31-dək davam edəcək”.

 

Süjetdə Azərbaycan mədəniyyəti günlərinin modelyer Renato Ballestranın moda nümayişi ilə yekunlaşdığı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tədbirdə iştirak etdiyi bildirilir: “Azərbaycan mədəniyyəti günləri gələn ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq mərhələlərindən biridir”.


http://ru.euronews.com/2014/07/14/azerbaijan-goes-on-show-on-the-french-riviera/


Paylaş: