Untitled-1.jpg
12 noyabr 2014

Türkiyə mətbuatı Bakı 2015-ə hazırlıq və Birinci Avropa Oyunlarının təqdimatı ilə bağlı tədbirlərdən yazır

Türkiyə mediası Bakıda 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq  işlərinə geniş yer ayırıb. Ölkə mətbuatı ilk dəfə keçiriləcək Avropa Oyunları və ona ev sahibliyi edəcək Azərbaycanda görülən tədbirlər barədə yazır.


Materiallarda qeyd olunur ki, 2015-ci il 12-28 iyun tarixlərində təşkil olunacaq oyunlarda 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq: “Avropada yeni bir həyəcan yaradacaq və hər dörd ildən bir keçiriləcək oyunlar həm də 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları ərəfəsində idmançılara özlərini sınamaq fürsəti yaradacaq, bəzi idman növlərində seçmə mərhələ funksiyasını daşıyacaq”. 

 

Türkiyə KİV-i yazır ki, 2002-ci ildən bəri taekvondodan gimnastikaya, voleyboldan futbola qədər fərqli sahələrdə 36 beynəlxalq yarışa ev sahibliyi etmiş Azərbaycanda ən son 2014-cü ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı keçirilib. 22 illik müstəqilliyi dövründə yay və qış olimpiya oyunlarında 200-dən artıq atletlə təmsil olunmuş ölkə bu günə qədər olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb. 


Materiallarda Azərbaycandakı Birinci Avropa Oyunlarının 21 məkanda keçiriləcəyi vurğulanır. Bu məqsədlə yeni arenalar inşa edilir, mövcud məkanlar isə yenilənərək oyunlara hazır vəziyyətə gətirilir: “2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsinə ev sahibliyi etmiş Bakı Kristal Zalında 2015-ci il Avropa Oyunlarında həndbol və digər qapalı məkan idman növlərində yarışlar keçiriləcək. Bunlarla yanaşı, Bakıda 7300 nəfərlik tutumu olan Olimpiya şəhərciyi də tikilir.


Açılış mərasimi hazırda inşaatı davam edən  65 000 nəfərlik Bakı Olimpiya Stadionunda keçiriləcək. Stadionun təməlqoyma mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, FİFA və UEFA rəhbərləri Sepp Blatter və Mişel Platini iştirak etmişdilər”.


Avropa Oyunları 2012-ci il dekabrın 9-da Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısında təsis olunub və Avropa Olimpiya komitələrinin yekdil qərarı ilə yaradılıb. Baş Assambleyanın yığıncağında oyunlara ev sahibliyi hüququ Azərbaycanın paytaxtı Bakıya verilib. Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsinə məsul olan Təşkilat Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılıb. Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir.


Türkiyə mətbuatında yer almış materiallarda Heydər Əliyev Fondu tərəfindən bu günədək bir neçə ölkədə Bakı-2015 Birinci Avropa Oyunlarının təqdimatı ilə bağlı tədbirlərin keçirildiyi qeyd edilir, bu sırada Kann, Afina və Berlinin adı çəkilir. 


http://www.habername.com 


http://www.dha.com.tr 


http://www.yenisafak.com.tr


http://www.haberler.com