14174265073259562218_750x500.jpg
1 dekabr 2014

Pakistanın “Tribute International” jurnalı Azərbaycan haqda yazıb

Pakistanın “Tribute International” jurnalının noyabr nömrəsində Azərbaycanla bağlı məqalələr dərc edilib.

 

Jurnalın üz qabığında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəkilləri əks olunub.

 

Nəşrdə Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda həyata keçirilən layihələr, Azərbaycanın Konstitusiya Günü haqqında geniş məqalələr dərc olunub.

 

Jurnalist Bilal Şəhidin “Mehriban Əliyevanı alqışlayırıq” adlı məqaləsində Fondun 2005-ci ildə Pakistanda baş vermiş dağıdıcı zəlzələdən sonra bu ölkədə xeyriyyə tədbirləri həyata keçirdiyi və 2007-ci ildə Müzəffərabad şəhərində 500 nəfərlik qızlar məktəbi inşa etdirdiyi bildirilir.

 

Yazıda qeyd olunur ki, 2012-ci ildən başlayaraq Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə genişmiqyaslı layihələr həyata keçirilir. Bu proqram çərçivəsində Pakistanın Edhi Home kimsəsizlər evində sığınacaq tapan uşaq və ahıllara B hepatitinə qarşı pulsuz peyvənd kompaniyası aparılıb, Akbar Care Serebral İflic İnstitutunda, Lakki Marvat uşaq və qadın xəstəxanasında pulsuz müayinələr təşkil edilib, Hamza Fonduna 2000 ədəd qanköçürmə paketi və bir təcili yardım avtomobili hədiyyə edilib, Xayber Göz Fondu, Saif xeyriyyə fondları ilə də bir sıra layihələr həyata keçirilib. Məqalədə Fond tərəfindən Lahor şəhərinin Ancuman Süleyman kimsəsiz uşaqlar evinə yardımlar edildiyi, yenidənqurma işlərinin aparıldığı da qeyd olunub.

 

Dera İsmail Xan bölgəsində “Heydər Əliyev Su Təchizatı layihəsi”nin həyata keçirildiyini xatırladan müəllif yazır ki, Mehriban Əliyevanın dəstəyi ilə “Yaşıl kənd” layihəsi çərçivəsində Pəncab əyalətinin Qucar Xan bölgəsinin Soheyl Xinger kəndində bərpa olunan enerji ilə işləyən su təchizatı sistemi də inşa edilib.

 

“Müzəffərabad şəhərində tikilmiş məktəbin təchizatı məsələsi daim diqqət mərkəzində saxlanılır, orada yenidənqurma işləri aparılıb və 2012-ci ildə məktəbə Mehriban Əliyevanın adı verilib”, - deyə yazıda qeyd olunur.

 

Jurnalda Pakistanda həyata keçirilən layihələrə görə Mehriban Əliyevanın bir sıra mükafatlarla təltif olunduğu vurğulanır. Müəllif bildirir ki, Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bütün layihələr Pakistan xalqı tərəfindən yüksək qiymətləndirilir.


Paylaş: