24 yanvar 2015

“Bakıda yolunuzu gözləyirik”

“Bakı-2015” birinci Avropa Oyunlarının cümə axşamı Davosda keçirilmiş təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışını bu sözlərlə bitirib.

 

Bu qəbildən olan başqa nüfuzlu görüşlərdə olduğu kimi, Davos forumunda da bir sıra mühüm hadisələr sonradan translyasiya edilmək üçün yazılan “dəyirmi masa”larda deyil, xudmani məclislərdə baş verir. Burada hər gün təxminən 10 bu cür məclis keçirilir. Giriş yalnız dəvətnamələr üzrə olan belə tədbirlərin iştirakçıları əvvəlcə bir neçə kordondan və metalaxtaran qurğularda yoxlamadan keçməlidirlər. Davosda mühafizə xidməti həmişə güclüdür, bu il isə, məlum kədərli hadisələrlə əlaqədar, təhlükəsizlik xidmətləri xüsusilə sayıqdır. Təşkilatçılar kimin bu dəvətləri qəbul etməsini, kimin həmin dəvətlərə cavab verməməsini diqqətlə izləyir və bu dünyanın güclü simalarının qeyri-rəsmi şəraitdə öz aralarında necə ünsiyyət saxlamalarını müşahidə edərək müvafiq nəticələr çıxarırlar.

 

Bundan əvvəl “Bakı-2015” oyunlarına həsr edilmiş bədii sərginin açıldığı “İnterkontinental” otelində cümə axşamı təşkil edilmiş Azərbaycan məclisinə gələnlərin sayından görünürdü ki, indi bu ölkə çoxlarını maraqlandırır. Planetin işgüzar dairələrinin aparıcı nümayəndələri əllərində şərab (su və ya şirə) bakalları tutaraq gəzişir, geniş zalın gözəl tərtibatını nəzərdən keçirir və hərdən, cəlbedici bufetə tərəf boylanırdılar. Görünür, Davos forumunun gərgin iş günü ərzində bu adamların çoxu acmışdı.

 

Qaydaya görə, ziyafətdən əvvəl rəsmi hissə oldu. Xoşbəxtlikdən tədbirin bu hissəsi uzun və yorucu olmadı (qeyd edək ki, bu heç də həmişə belə olmur). Rəsmi hissəni şəxsən Azərbaycan Prezidenti İlham Əliyev açdı. Vaxtilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmiş İlham Əliyev heç bir kağıza baxmadan ingilis dilində gözəl danışırdı. Qeyd edək ki, Prezident idman haqqında məlumatı, necə deyərlər, ilk mənbədən alır – cənab Əliyev uzun illərdir ki, Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edir.

 

İlham Əliyev vurğulayıb: “Bakının birinci Avropa Oyunlarının paytaxtı seçilməsi bizim müəyyən layihələrə ciddi sərmayə qoymağımıza imkan verdi. Həmin layihələr onsuz da həyata keçiriləcəkdi, lakin belə tez yox”.

 

Məsələn, Atletlər kəndi və bir neçə otel tikilib, 16 kilometrlik promenad yaradılıb. İlham Əliyev deyib: “Ümidvarıq ki, bütün ölkələr öz güclü atletlərini göndərəcəklər, axı, “Bakı-2015” yarışlarının səviyyəsi sonrakı Oyunlar üçün hədd müəyyən edəcək”.

 

Azərbaycanda iri idman tədbirləri təkcə Avropa oyunları ilə məhdudlaşmayacaq. Məsələn, artıq 2016-cı ildə Bakıda ilk dəfə “Formula-1” yarışlarının bir mərhələsi (Avropa Qran-prisi) və Dünya Şahmat Olimpiadası keçiriləcək. 2017-ci ildə isə Bakı IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. İlham Əliyev tədbirə toplaşanların diqqətini bir məqama cəlb edib: “Təsəvvür edin, cəmi iki il ərzində Bakı həm Avropa Oyunlarının, həm də İslam Oyunlarının paytaxtı olacaq. Bu, bütün xalqların dost kimi yaşadığı çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycanın mahiyyətini əks etdirir”. Azərbaycan Prezidenti daha sonra deyib ki, idmanın gözəlliyi, dəyəri və gücü ondan ibarətdir ki, hətta “bir-biri ilə müharibə aparan ölkələrin nümayəndələri də ləyaqətlə yarışır və qalibin əlini sıxırlar”.

 

Sonda cənab Əliyev tədbirə toplaşanların hamısını Bakıya dəvət edib, onlar bu dəvətə yekdil alqışlarla cavab veriblər.

 

Prezidentdən sonra “böyük idman”ın bu tədbirdə iştirak edən əsas nümayəndəsi – Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki söz alıb. O, Azərbaycan hökumətinə qarşıdakı Oyunların uğurunu təmin etmək üçün göstərdiyi səylərə görə səmimi təşəkkürünü bildirib.

 

“Bakı-2015” oyunlarına həsr edilmiş qısa, lakin məzmunlu filmə tamaşa edəndən sonra qonaqlar Azərbaycandan məxsusi gətirilmiş, əyinlərində milli rəmzlərlə bəzədilmiş geyimlər olan aşbazların hazırladığı ləziz yeməklərdən dadıblar.

 

http://www.nashagazeta.ch/news/sport2/18886


Paylaş: