25 avqust 2015

"Hilal-e-Pakistan" ordeninə layiq görülmüş Mehriban Əliyeva insanlığın xidmətində

11 fevral 2015-ci il tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva Pakistanın “Hilal-e-Pakistan” ali ordeni ilə təltif edilib.

 

İlk dəfədir ki, xarici ölkənin birinci xanımı bu ali ordenlə təltif olunur. Azərbaycanın birinci xanımı bu ordenə Pakistan qarşısındakı xidmətlərinə görə layiq görülüb. Mehriban Əliyeva görkəmli Azərbaycan ziyalılarının ailəsində böyümüş və valideynlərindən insan dəyərlərinə hörmət, poeziyaya, incəsənətə və musiqiyə məhəbbəti öyrənmişdir. O, 1995-ci ildən xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur və bu müddətdə “Azərbaycan Mədəniyyətinin Dostları” adlı xeyriyyə fondu vasitəsilə dünyada öz ölkəsinin tanıdılması ilə məşğul olmuşdur.

 

2004-cü ildən etibarən Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun rəhbəridir. Fondun əsas məqsədi ölkənin sosial, iqtisadi və mədəni inkişafına dəstək verməkdir. Uşaqlarla bağlı problemlərin həlli həmişə Mehriban Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Yeni məktəblərin, xəstəxanaların, klinikaların, musiqi məktəblərinin, Talassemiya Mərkəzinin inşası, qanvermə aksiyalarının həyata keçirilməsi, ana südü ilə qidalandırma kampaniyaları, əlil uşaqların cəmiyyətə inteqrasiyası xeyriyyəçilik fəaliyyətinin bir hissəsidir. Maddi vəziyyəti ağır olan ailələrə, yaşlı insanlara müntəzəm mənəvi, tibbi və maliyyə yardımları edilir.

 

Fondun xüsusi əhəmiyyət verdiyi sahələrdən biri də mədəniyyətdir. Fond Niaqarada Azərbaycan klassik musiqisi günləri keçirmiş və Bakıda Muğam Mərkəzi yaratmışdır. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrə, həmçinin, Azərbaycan mədəniyyəti haqqında kitabların nəşri, habelə dünyanın hər yerindən gələn görkəmli musiqiçilərin iştirakı ilə hər il Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsi daxildir. Mehriban Əliyeva dünya irsinin qorunub saxlanılmasına da çox böyük töhvə verib. Strasburq Kafedral Kilsəsinin yenidən qurulması, Versal Sarayının təmiri, Luvr Muzeyində İslam Mədəniyyəti bölməsinin yaradılması bu fəaliyyətin parlaq sübutudur.

 

2004-cü ildə Mehriban Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatı və musiqi irsinin qorunması və inkişafı istiqamətində göstərdiyi gərgin səylərin qiyməti olaraq UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Həmçinin, həyatın müxtəlif sahələrində genişmiqyaslı və fədakar fəaliyyətinə görə ona ISESCO-nun Xoşməramlı səfiri adı verilib.

 

Qeyd etmək lazımdır ki, bütün dinlərin harmoniyada yaşadığı Azərbaycan multikulturalizm və müxtəlif etiqadlı insanlar arasında dözümlü münasibətin parlaq nümunəsidir. Azərbaycanın birinci xanımı qarşılıqlı anlaşma və dinc şəraitdə birgə yaşamağa çalışan müxtəlif dinlər arasında dialoqa həsr olunmuş bir neçə beynəlxalq tədbir təşkil edib. “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsinin bir hissəsi olaraq Fond tərəfindən bir çox məscidlər, Katolik və Pravoslav kilsələri yenidən qurulub.

 

Fond tərəfindən idmanın inkişafına çox böyük diqqət yetirilir. Həm də Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Əliyevanın artan nüfuzu sayəsində paytaxt Bakı 2003 və 2004-cü illərdə ritmik gimnastika üzrə dünya kuboku yarışlarına, 2005-ci ildə isə dünya çempionatına ev sahibliyi edib. Bu ilin yayında Azərbaycanda keçirilən birinci Avropa Oyunları Mehriban Əliyevanın Azərbaycanda idmanın təbliğinə verdiyi töhfənin kulminasiya nöqtəsi oldu. O, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri idi. Bu tədbirin yüksək səviyyədə təşkili bütün Avropadan gələn minlərlə idmançı və turistin böyük marağına səbəb olmuşdur. Həmçinin, Avropa Oyunlarında ikinci olan Azərbaycan bütün dünyaya idman ölkəsi olduğunu sübut etdi.

 

29 iyun 2015-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Mehriban Əliyeva Birinci Avropa Oyunlarının təşkilində göstərdiyi böyük xidmətlərə və Azərbaycanda mədəniyyətin, təhsilin və səhiyyənin inkişafı ilə bağlı fəaliyyətinə görə Heydər Əliyev ordeni ilə təltif olunub. 

 

Avropa Oyunları Mehriban Əliyeva tərəfindən təşkil olunan və keçirilən meqa tədbirlərin birincisi deyildi. 2012-ci ildə Azərbaycan dünyada ən uzunmüddətli televiziya şoularından biri və Avropada ən nüfuzlu yarışma olan “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edib. Mehriban Əliyeva müsabiqənin təşkilat komitəsinə rəhbərlik edərək qısa müddət ərzində Xəzər dənizinin sahilində “Baku Crystal Hall” konsert zalının inşa olunmasını təmin edib. Həmçinin, şəhər infrastrukturunun təkmilləşdirilməsi, kommunikasiya texnologiyalarının genişləndirilməsi və yolların keyfiyyətinin yüksəldilməsi istiqamətində konkret işlər görülüb. Beləliklə, Bakının minlərlə qonağı Azərbaycanlıların isti münasibəti və qonaqpərvərliyinin şahidi olmuş və Azərbaycanın sürətli inkişafı onlarda böyük təəssürat doğurmuşdur.

 

2005-ci il Heydər Əliyev Fondunun Pakistanla münasibətlərinin başlanğıc nöqtəsi kimi qeyd olunur. Bu, dağıdıcı zəlzələdən sonra Mehriban Əliyeva Müzəffərabadda dağılmış qızlar məktəbinin yerində yenisini inşa etmək təşəbbüsünü irəli sürdükdən dərhal sonra baş verdi. Fond müntəzəm şəkildə məktəbi bütün lazımi vasitələrlə təmin edir və məktəbin qabaqcıl şagirdlərinə aylıq təqaüd ödəyir. Qeyd etmək lazımdır ki, 2012-ci ildə tam yenidən qurulduqdan və təmir edildikdən sonra, məktəbə Azərbaycanın birinci xanımının adı verilib.

 

2012-ci ildən başlayaraq Azərbaycanın birinci xanımı Pakistanın bütün əyalətlərində bir sıra səhiyyə, təhsil, inkişaf və humanitar layihələrin həyata keçirilməsinə başladı. Tədbirlər planı çərçivəsində Peşəvərdə “Edhi Home”, “Akbar” Beyin İflici İnstitutunda, habelə Ləki Mərvətdəki Qadın və Uşaq Xəstəxanasında Hepatit B virusuna qarşı vaksinasiya, tibbi müayinə və müalicələr həyata keçirilib. Fond həmçinin Həmzə Fonduna tam təchiz olunmuş təcili tibbi yardım maşını və minlərlə qan paketləri ianə etmişdir ki, bu da “Durand” xəttinin hər iki tərəfində ehtiyacı olanlara etibarlı qan köçürülməsini təmin edir. 

 

Özünün Xayber Paxtunkvadakı fəaliyyəti çərçivəsində Mehriban Əliyeva həmçinin Xayber Göz Fondunun Göz xəstəxanası üçün yeni korpusun və gözləmə zalının tikintisinə, habelə İslamabadda Talassemiya Mərkləzinin yaradılmasına maliyyə yardımı etmişdir. 2012-2015-ci illərin Ramazan Bayramları ərzində Fond Pakistanın bütün dörd əyalətindəki uşaq evlərinin sakinləri üçün iftar süfrələri təşkil edib.

 

2014-cü ildə Heydər Əliyev Fondu Xayber Paxtunkva Vilayətinin Dera İsmail Xan şəhərinin Tank bölgəsində Heydər Əliyev Su Təchizatı Layihəsini həyata keçirib. Bunun nəticəsində, rayonun minlərlə sakini təmiz içməli su ilə təmin olunub. Şübhəsiz ki, Azərbaycanın birinci xanımının Pakistandakı fəaliyyəti Pakistan və Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə və dərinləşməsinə xidmət edir. Pakistandakı fəaliyyətinə görə layiq görüldüyü “Hilal-e-Pakistan” ordenindən başqa, Mehriban Əliyeva “Qadın Könüllülər Təşkilatı” tərəfindən “İnsanlığın Simvolu”, “2012-ci ilin Qadını” və 2013-cü ildə “Şəhid Benazir Bhutto Mükəmməlliyi Mükafatı”na layiq görülüb.

 

Bu mükafatlardan başqa, Mehriban Əliyeva həmçinin Fransanın “Şərəf Legionu” ordeni, Serbiya Respublikasının “Sreten” dövlət ordeni, Rusiyanın Beynəlxalq Xeyriyyə Təşkilatının “Yaqut Xaç” ordeni, Dünya Sağlamlıq Təşkilatının mükafatı, "Qızıl Ürək" Beynəlxalq mükafatı, Polşanın “Böyük Komandor Xaçı” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Kanadanın “Ümumdünya Qızıl Gül” mükafatı, Küveyt Dövlətinin Fəxri Diplomu və sair mükafatlara layiq görülmüşdür.


Daily Times


Daily Times