35.jpg
25 fevral 2016

Heydər Əliyev Fondunun xristian mədəniyyətinə töhfələri İtaliya və Vatikan mətbuatında

İtaliyanın və Vatikanın aparıcı KİV-ləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Vatikana səfəri çərçivəsində keçirdiyi görüşlərə, Müqəddəs Taxt-Tac ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan müzakirələrə və Fondun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılış mərasiminə geniş yer ayırıb.

 

“Vatikan radiosu”nun saytında verilmiş məqalədə Mehriban Əliyevanın “Vatikan radiosu”na müsahibəsi də yer alıb. Mehriban Əliyeva “Müsəlman ölkəsi olan Azərbaycandakı Fond xristian irsinin bərpası ilə bağlı işləri nə üçün maliyyələşdirir” sualının cavabında deyib: “Azərbaycan Avropa ilə Asiyanın, Şərq ilə Qərbin qovuşuğunda yerləşən ölkədir. Bu coğrafi mövqe ölkəmizi səciyyələndirən zəngin müxtəlifliyə təsir göstərib. Azərbaycanda məskunlaşan xalqlar arasında həmişə dostluq və qardaşlıq münasibətləri olub. Çoxsaylı dini konfessiyaların mövcud olması bizim böyük sərvətimizdir. O cümlədən Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası Müqəddəs Taxt-Tacın və Azərbaycanın müştərək layihəsinin tərkib hissəsidir. Bizim Fondumuz bu müştərək işi gələcəkdə davam etdirməyə həmişə hazır olacaq”.

 

“Avvenire” qəzetinin saytında yerləşdirilmiş yazıda Müqəddəs Marçellinio və Pietro katakombalarının tarixi haqqında məlumat verilir, onların xristian dünyasının önəmli mədəni dəyərlərindən olduğu vurğulanır. Qeyd olunur ki, bu katakombaların bərpası Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilib. Cari il fevralın 23-də isə katakombaların bərpadan sonra açılış mərasimi olub. Tədbirdə iştirak edən Mehriban Əliyeva dinlərarası dialoqun önəmli dəyər olduğunu bildirib. Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi isə müsəlman ölkəsinin xristian abidəsinin bərpasına töhfə verməsinin tarixdə bir ilk olduğunu deyib.

 

Vatikanın geniş oxucu kütləsinə malik “News.va” xəbər saytında da açılış mərasimi ilə bağlı məlumatlar yer alıb. Məlumatlarda xüsusi vurğulanır ki, Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarında bərpa işləri ən son texnologiyalardan istifadə edilməklə və olduqca həssas şəkildə həyata keçirilib. Yazıda qeyd olunur ki, Fond və Vatikanın Mədəniyyət üzrə Pontifik Şurası arasında əməkdaşlıq bundan sonra da davam edəcək. Belə ki, növbəti layihə Müqəddəs Sebastian sərdabalarının bərpası ilə bağlıdır. Mehriban Əliyevanın Vatikana səfəri çərçivəsində həmin sərdabaların bərpasına dair ikitərəfli müqavilə imzalanıb.

 

“Roma sette” informasiya portalında yerləşdirilmiş digər bir yazıda isə xristian abidəsinin müsəlman ölkəsinin töhfəsi ilə yenidən həyata qayıtdığı vurğulanır. Qeyd olunur ki, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanın Heydər Əliyev Fondu Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası ilə bağlı kardinal Ravazinin çağırışına cavab verən yeganə qurum olub. Kardinal Ravazi Mehriban Əliyevanın bu dəyərli jestini yüksək qiymətləndirdiyini bəyan edib.

 

Katolik xəbər agentliyi kimi tanınan “ACİ stampa” media qurumunun saytında yerləşdirilmiş yazıda isə Heydər Əliyev Fondu ilə Vatikanın Mədəniyyət üzrə Pontifik Şurası arasında güclü tərəfdaşlıq əlaqələrinin olduğundan və birgə layihələrin həyata keçirilməsindən bəhs edilir. Qeyd olunur ki, bəşəriyyət üçün önəmli dəyər olan Roma katakombaları Fondun dəstəyi ilə yenidən həyat qazanıb və gələcək nəsillər üçün saxlanılacaq. Bərpa işləri haqqında ətraflı məlumatın yer aldığı yazıda Mehriban Əliyevanın fikirlərindən sitatlar gətirilib: “Bizim ən böyük dəyərimiz ölkəmizdə müxtəlif dinlərin bir arada mövcudluğudur”.

 

İtaliyanın “La Repubblica” qəzetinin saytında da bu tarixi hadisə ilə bağlı geniş məqalə yerləşdirilib. Vurğulanır ki, xristian aləminin dəyərli incilərindən olan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasının müsəlman ölkəsi olan Azərbaycanın dəstəyi ilə həyata keçirilməsi təqdirəlayiqdir. Yazıda, eyni zamanda, Mehriban Əliyevanın iştirakı ilə Massimo Sarayında keçirilmiş katakombalarla bağlı təqdimat haqqında da məlumat verilir.

 

Vatikanda dini xəbərlərin yer aldığı ən nüfuzlu qəzetlərdən biri olan “L'Osservatore Romano”da kardinal Ravazinin məxsusi yazısı verilib. Yazıda Heydər Əliyev Fondunun dəstəyi ilə xristian katakombaları arasında önəmli yeri olan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası ilə bağlı məqamlara geniş yer verilib. Bu layihənin xristian katakombalarının bərpası istiqamətində vacib mərhələ adlandırıldığı məqalədə diqqətə çatdırılır ki, incə əl işləri ilə həssaslıqla həyata keçirilmiş bərpadan sonra bu katakombalar Mərhəmət yubileyi çərçivəsində Romaya gələn turistlərin ən çox ziyarət etdiyi məkan olacaq.


http://it.radiovaticana.va 


http://www.avvenire.it


http://www.news.va


http://www.romasette.it


http://ricerca.repubblica.it


http://www.osservatoreromano.va


http://www.acistampa.com