Ərəb dünyasında nüfuzlu “Əl-Mənərə” jurnalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti haqqında məqalə dərc edilib.
Məqalədə Mehriban Əliyevanın ziyalı ailədən olduğu bildirilib, Mir Cəlal Paşayev, Arif Paşayev və Aida İmanquliyeva haqqında oxuculara dolğun məlumatlar çatdırılıb.
Ziyalı ailə mühitinin Mehriban Əliyevada mərhəmət, xeyirxahlıq, insan sevgisi kimi nəcib hisslərin, o cümlədən incəsənətə marağın əsasını təşkil edən dünyagörüşünün formalaşmasına təsiri barədə söhbət açılıb, Azərbaycanın birinci xanımının həm milli, həm qlobal səviyyələrdə gördüyü işlər barədə məlumat verilib, həmin işlərin onun haqqında mütərəqqi müsəlman qadını imicini yaratdığı vurğulanıb.
Məqalədə Mehriban Əliyevanın 2004-cü ildə regionda ən böyük qeyri-hökumət təşkilatını təsis etdiyi bildirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu təşkilatın Azərbaycan reallıqlarının dünyada geniş təbliği ilə yanaşı, Heydər Əliyev irsinin yeni və gənc nəslə öyrədilməsində mühüm rol oynadığı diqqətə çatdırılıb. Müəllif Heydər Əliyev Fondunun çoxvektorlu fəaliyyəti haqqında ətraflı məlumat verib. Bu xüsusda, Mehriban Əliyevanın gündəlik fəaliyyətlərində sosial və humanitar aspektlərin öndə getdiyi vurğulanıb, ölkəmizdə kimsəsiz uşaqların və yaşlıların problemlərinin həll edilməsi yolunda mühüm işlərin görüldüyü oxucuların diqqətinə çatdırılıb. Fondun xətti ilə yeni təhsil, səhiyyə və incəsənət ocaqlarının inşa edildiyi, insulin və qan donorluğu aksiyaları, eləcə də ana südü ilə qidalandırma üzrə maarifləndirmə aksiyaları və s. sosial təşəbbüslərin həyata keçirildiyi bildirilib. Həmçinin Mehriban Əliyevanın milli musiqi ənənələrinin inkişafı və xaricdə tanıdılması yönündə səyləri çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə müasir Muğam Mərkəzinin tikildiyi, Fondun təşəbbüsü ilə müxtəlif ölkələrdə keçirilən mədəniyyət tədbirlərində Azərbaycan muğamının prioritet yerdə olduğu, habelə hər il ayrı-ayrı istedadlı yerli və beynəlxalq musiqiçilərin iştirakı ilə Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkil edildiyi oxucuların diqqətinə çatdırılıb.
Ümumbəşəri dəyərlər, sülh və dözümlülüyün yayılması işində Heydər Əliyev Fondunun fəaliyyətinə gəlincə, məqalədə bu təşkilatın Azərbaycanda fərqli sivilizasiyalar arasında əməkdaşlıq və dialoq mövzusunda çoxsaylı tədbirlər keçirməklə, Luvr Muzeyində İslam incəsənəti bölməsini təsis etməklə, Versal Sarayının parkında, Luvr Muzey Kompleksində, Berlin Şəhər Sarayında və digər Avropa şəhərlərində qədim tarixi binaların və Vatikanda qədim əlyazmaların bərpasında, eləcə də Romada Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirinin həyata keçirilməsində yaxından iştirak etməklə qlobal tolerantlıq ideyasında və dünya mədəniyyətində izlər qoyduğu bildirilib.
Məqalədə Mehriban Əliyevanın fəaliyyətinin beynəlxalq humanitar tərkib hissəsinə nəzər salınaraq, Heydər Əliyev Fondunun Rumıniya, Haiti, Pakistan və başqa dövlətlərdə baş vermiş təbii fəlakətlərdən əziyyət çəkən insanlara təcili surətdə yardımlar etdiyi vurğulanıb. Fondun Pakistanda peyvənd və qan donorluğu aksiyaları, açıq ürək əməliyyatları keçirdiyi, Pakistan Göz Xəstəxanasına və Talassemiya Mərkəzinə ianələr etdiyi qeyd olunub. Eyni zamanda, göstərilən bütün xeyirxah işlərin Mehriban Əliyevaya UNESCO və ISESCO kimi mötəbər beynəlxalq təşkilatların xoşməramlı səfiri adını qazandırdığı bildirilib.
Jurnalda Mehriban Əliyevanın ölkəmizin beynəlxalq idman və musiqi aləmində imicinin formalaşdırılmasındakı əhəmiyyətli rolundan söhbət açılıb. Belə ki, Milli Gimnastika Federasiyasına rəhbərliyi ərzində bu idman növündə böyük inkişafın baş verdiyi, Bakı şəhərinin mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdiyi bildirilib. 2015-ci ildə Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin məhz Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin adı ilə bağlı olduğu və bu müstəsna uğuruna görə birinci xanıma 2017-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları üzrə Milli Komitənin sədri missiyasının həvalə edildiyi vurğulanıb. Bundan əlavə, Avropanın ən prestijli mahnı müsabiqəsi hesab edilən “Eurovision”un da Bakıda uğurla keçməsinin məhz Mehriban Əliyevanın əməyi hesabına mümkün olduğu diqqətə çatdırılıb.
Məqalənin sonunda çoxşaxəli və dayanaqlı fəaliyyətinə görə Mehriban Əliyevanın Fransanın “Şərəf Legionu”, Pakistanın ən ali dövlət ordeni olan “Hilal-e-Pakistan”, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordenlərinə, Serbiya Dövlət Ordeninə, eləcə də Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatına, UNESCO-nun “Qızıl Motsart” medalına, “Qızıl ürək” beynəlxalq mükafata layiq görüldüyü qeyd edilib.