8 iyul 2011

Astanada Rus dilində çıxan “Turan Times” qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəlı fəaliyyətinə həsr olunmuş geniş material dərc edilib

Astanada rus dilində nəşr olunan “Turan Times” qəzetində AzərTAc-ın Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti ilə bağlı “Pervaya ledi Azerbaydjana” sərlövhəli geniş məqaləsi dərc olunmuşdur. Bundan əvvəl həmin yazı Almatıdakı “Türkel” internet qəzetində verilmişdi. 


Məqalədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında və dünya ölkələrində təbliğində əvəzsiz xidmətləri geniş əksini tapmışdır. Materialın əvvəlində deyilir ki, Gəncənin sonuncu xanı Cavad xanın məqbərəsinin yenidən qurulmasında Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Yazıda bildirilir ki, Azərbaycanın birinci xanımı ölkəmizdə müntəzəm olaraq keçirilən müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinin və festivallarının təşkilində mühüm rol oynayır. Oxucuların diqqətinə çatdırılır ki, beynəlxalq muğam festivalı və muğam ifaçılarının müsabiqəsi, M.Rostropoviç adına, eləcə də D.Şostakoviçin və Bülbülün yubileylərinə həsr edilmiş beynəlxalq festivallar, Qəbələ Beynəlxalq musiqi festivalı, aşıqların beynəlxalq festivalı kimi tədbirlər məhz Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə həyata keçirilmişdir.


Məqalədə bildirilir ki, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin, Müasir İncəsənət Muzeyinin binaları inşa olunmuş, açıq səma altında “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılmışdır. 2010-cu ildə Azərbaycandan kənarda 150 dövlət əhəmiyyətli tədbir keçirilmişdir. Bu mərasimlərin təşkilində Mehriban xanım Əliyevanın xidmətləri ölçüyəgəlməzdir.


Yazıda Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti “Mehriban Əliyevanın mədəniyyətimizin inkişafında əvəzsiz rolu”, “Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi”, “Beynəlxalq fəaliyyət”, ”Qəbələdə Beynəlxalq musiqi festivalı”, “Azərbaycanın YUNESKO və İSESKO ilə əməkdaşlığının mədəni həyatın uğurlu inkişafına təsiri”, “Azərbaycan qadınlarının dünya tarixində rolu” və digər yarımsərlövhələr altında verilmişdir.