25 iyun 2010

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə Bakıda “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu” mövzusunda forum keçiriləcək

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə iyunun 29-30-da Bakıda “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu” mövzusunda forum keçiriləcəkdir.


2009-cu ilin iyununda Moskvada keçirilmiş elmi konfransın məntiqi davamı kimi nəzərdə tutulan bu beynəlxalq forum görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaqdır.

 

Elmi müstəvidə fəlsəfi araşdırmaların yer alacağı forumda AMEA və Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun tanınmış alimləri “Beynəlxalq elmi əməkdaşlığın və Azərbaycanda ictimai elmlərin inkişaf yollarının bəzi problemləri”, “Qloballaşma, terrorizm və dialoq”, “Mədəniyyət, sivilizasiya, qloballaşma. Heydər Əliyev – İnsan və siyasətçi”, “Müasir cəmiyyətdə demokratik dəyərlərin şəxsi ölçüləri”, “Demokratiya, kütlə cəmiyyəti və bir daha tarixdə şəxsiyyətin rolu haqqında”, “Qloballaşma şəraitində təfəkkür mədəniyyətinin qarşılıqlı əlaqəsi”, “Sivilizasiyaların əvəzlənməsi dövründə yeni nəslin təhsil və estetik tərbiyə problemləri”, “Müasir Azərbaycanda vətəndaş mədəniyyəti və vətəndaş dəyərləri” və s. mövzularda çıxış edəcəklər.

 

İkigünlük forumun qonaqları Beynəlxalq Muğam Mərkəzində konsertə baxacaq və Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.