7 fevral 2008

Moskvada “Biz həyatı sevirik” adlı xeyriyyə konserti keçiriləcək

Heydər Əliyev Fondu və “Zəif eşidənlər dünyası” Regionlararası İctimai Gənclər Təşkilatı fevralın 10-da Moskvada “Bakı” kinoteatrının konsert salonunda “Biz həyatı sevirik” adlı xeyriyyə konserti təşkil edəcəkdir. Bunu təşkilatın prezidenti Artyom Maslov bildirmişdir.

 

Konsertdə azərbaycanlı və rusiyalı əlil uşaqların, “Anqelı nadejdı” (“Ümid mələkləri”) rəqs kollektivinin və tanınmış artistlərin çıxışları olacaqdır. Ailə ilində təşkil olunacaq tədbir Rusiyada mədəniyyətlərin dialoquna, tolerantlığa və birliyə həsr ediləcəkdir.

 

Tədbirdə Azərbaycanın və Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən Müslüm Maqomayev, Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu, rəssam Tahir Salahov, Emin Ağalarov iştirak edəcəklər. Konsertə Dövlət Dumasının deputatları, müxtəlif diasporların nümayəndələri dəvət olunmuşlar.

 

Rusiyada ilk dəfə keçiriləcək belə xeyriyyə aksiyası bu ölkədə yaşayan xalqların yaxınlaşmasına, təkcə əlil uşaqlara və gənc əlillərə münasibətdə deyil, həm də mədəniyyətlərarası, millətlərarası ünsiyyət sahəsində stereotiplərin aradan qaldırılmasına kömək edəcəkdir.


Paylaş: