19 fevral 2008

Heydər Əliyev Fondu xarici ölkələrdə Xocalı soyqırımı ilə bağlı anma tədbirləri keçirəcəkdir

İdeoloji təbliğatın mühüm əhəmiyyət kəsb etdiyi müasir zamanda Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verir. Dünyanın bir sıra ölkələrində Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyaların hazırlanması və keçirilməsi bu sahədə növbəti addımdır.

 

Fondun xətti ilə bu il Xocalı soyqırımının ildönümünə həsr olunmuş anma mərasimlərinin keçiriləcəyi şəhərlərin sayı artmışdır. Bu il Fond Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay və Kiyevdə silsilə tədbirlər keçirəcəkdir. Ötən il Heydər Əliyev Fondunun anma mərasimləri keçirdiyi Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Tbilisi şəhərlərində bu il növbəti dəfə Xocalı soyqırımının ildönümü qeyd olunacaqdır.

 

Anma mərasimlərində Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” filminin nümayişindən sonra tədbir iştirakçıları ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallarla tanış olacaqlar. Tədbirlərdə Heydər Əliyev Fondunun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar nümayiş olunacaqdır. Anma mərasimlərində Fondun hazırladığı “Qarabağ həqiqətləri” toplusunun və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabının nümayişi də nəzərdə tutulmuşdur.

 

“Qarabağ həqiqətləri” bukletlər toplusu kiçik formatda, konkret şəkildə Qarabağın tarixi, münaqişənin başlanması, Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı informasiya almağa imkan verir. Toplu ingilis, fransız, rus, alman və macar dillərində çap olunaraq indiyədək bir çox xarici ölkələrdə yayılmışdır. İngilis dilində hazırlanmış “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı isə oxuculara milli-tarixi abidələrimizə qarşı ermənilərin törətdiyi vandalizm aktları barədə ətraflı məlumat verir.

 

Dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında obyektiv və dürüst informasiya çatdırmağa, ictimai rəyi formalaşdırmağa yönələn bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunurlar.

 

Bundan başqa, Xocalı soyqırımı ilə bağlı dünyanın bir sıra ölkələrində Heydər Əliyev Fondunun təbliğat materialları paylanacaqdır.