1 oktyabr 2007

Heydər Əliyev Fondu Moskvada keçiriləcək “BibliObraz-2007” Beynəlxalq festivalında iştirak edəcəkdir

Beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə daim önəm verən Heydər Əliyev Fondun Moskvada 22 ölkənin iştirakı ilə keçiriləcək “BibliObraz-2007” Beynəlxalq festivalında iştirak edəcəkdir.


Rusiya Federasiyasının birinci xanımı Lyudmila Putinanın təşəbbüsü ilə artıq ənənəyə çevrilən festival oktyabrın 9-dan 11-dək Moskvanın “Manej” mərkəzi sərgi zalında davam edəcəkdir. Müxtəlif məkanlarda keçiriləcək festival günlərində Azərbaycan nümayəndə heyəti ayrı-ayrı tədbirlərə qatılacaq, milli mədəniyyətimizin yüksək səviyyədə təmsil və təbliğ olunmasına çalışacaqdır. Heydər Əliyev Fondu “BibliObraz-2007” festivalı üçün Azərbaycan klassikləri Nizaminin, Məhsətinin, Vazehin, Sabirin, Vurğunun və Mir Cəlalın rus dilinə tərcümə olunmuş əsərlərini yenidən, yüksək poliqrafik səviyyədə nəşr etdirmiş, milli mədəniyyətimizdən bəhs edən DVD və CD-lər hazırlamışdır. Festival günlərində sərgi salonlarında kitab nəşrləri nümayiş olunacaqdır. Ölkəmizin Prezidenti İlham Əliyevin Sərəncamı ilə son illərdə nəşr olunan kitablar, Heydər Əliyev Fondunun nəşrləri, Azərbaycan yazıçılarının rus və digər dillərdə əsərləri, eləcə də miniatür kitablar, mini-xalçalar, musiqi alətləri, mis qablar həmin salonlarda musiqi kompozisiyalarının müşayiəti ilə nümayiş olunacaqdır.


Festival “Bir-birimizi tanıyaq” birgə layihəsinin təqdimatı ilə başlayacaqdır. Heydər Əliyev Fondunun yeniyetmə auditoriya üçün nəşr etdirdiyi topluya Azərbaycan yazıçısı Kamal Abdullanın “Tarixsiz gündəlik”, rus yazıçısı Tamara Kryukovanın “Kostya+Nika” və bolqar yazıçısı Georgi Mişevin “Atalı-analı yetim” əsərləri daxil edilmişdir. Heydər Əliyev Fondunun xüsusi illüstrasiyalarla və böyük tirajla nəşr etdirdiyi kitab ölkəmizin kitabxanalarına, eləcə də ali və orta məktəblərin kitabxanalarına paylanacaqdır. Kitabın təqdimatından sonra Kremldə iştirakçı olan dövlətlərin birinci xanımlarının yeniyetmələrin inkişaf meyilləri ilə bağlı “dəyirmi masa” ətrafında müzakirəsi, ertəsi günü “Yeniyetmə və müasir cəmiyyət: hüquq və məsuliyyət” mövzusunda konfrans nəzərdə tutulmuşdur.


Festival günlərində Azərbaycan musiqi alətlərinin təbliği məqsədilə iştirakçılara 3 dildə hazırlanmış kitab və CD-lərin hədiyyə olunması ənənəvi musiqi alətlərimizlə canlı tanışlığa imkan yaradacaqdır. XIX əsrdə yaşamış rus rəssamı Q.Q.Qaqarinin eskizləri əsasında hazırlanmış milli geyimli yeniyetmələr festival iştirakçılarını “Azərbaycana musiqili səyahət” devizi ilə keçirilən tədbirə dəvət edərək musiqi alətlərimizin hazırlanma prosesi ilə tanış edəcəklər. Milli geyimlər festivaldan sonra Rusiya paytaxtındakı etnik-mədəni təmayüllü məktəbdə təhsil alan məktəbli soydaşlarımıza hədiyyə ediləcəkdir.


Azərbaycan rəssamları Nüsrət Hacıyev və Elmira Abbaslının iştirakı ilə festival günlərində uşaq kitablarına illüstrasiyalar və məktəb teatrları üçün kuklaların hazırlanması üzrə ustad dərsləri keçiriləcəkdir.


“Dost” qısametrajlı filminin nümayişi və filmin rejissoru Lalə Axundova ilə görüş festivalın yeniyetmə auditoriyası üçün nəzərdə tutulmuşdur.


“Kitab teatrı” studiyasında tamaşaçıların interaktiv iştirakı ilə Azərbaycan folklorunun parlaq nümunəsi olan “Məlikməmməd” nağılının fraqmentləri əsasında Pantomim Teatrının təqdimatı olacaqdır. Tamaşadan sonra “Məlikməmməd” nağılının motivlərini əks etdirən “Özün rənglə” kataloqu məktəblilərə bağışlanan hədiyyələr arasında olacaqdır.


Festival günlərində xalq yazıçısı Çingiz Abdullayevin yuxarı sinif şagirdləri, müəllim və kitabxanaçılarla görüşü nəzərdə tutulur. Çay süfrəsi ətrafına yığışacaq tədbir iştirakçılarına araqçın və kəlağayılar bağışlanacaqdır.