24 oktyabr 2007

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda “Gənclər sivilizasiyaların alyansı naminə” təşəbbüsü çərçivəsində beynəlxalq konfrans keçiriləcəkdir

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ev sahibliyi ilə oktyabrın 28-dən noyabrın 3-dək Bakıda “Gənclər sivilizasiyaların alyansı naminə” təşəbbüsü çərçivəsində beynəlxalq konfrans və bir sıra digər tədbirlər keçiriləcəkdir.


Təşəbbüs 2006-cı ildə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən irəli sürülmüşdür və BMT-nin İnkişaf Proqramı, İSESKO və Avropa Şurası kimi beynəlxalq təşkilatların əməkdaşlığı ilə həyata keçirilir.


Tədbirin ilk günündə YUNESKO və İSESKO–nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və Qətər Elm və Mədəniyyət Fondunun prezidenti Şeyxa Muza bint Nasir əl-Missnedin əsas məruzələrlə, eləcə də BMT Baş katibinin sivilizasiyaların ittifaqı üzrə ali nümayəndəsi, Portuqaliyanın keçmiş prezidenti Jorji Sampayyunun, İSESKO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin və digər yüksək səviyyəli nümayəndələrin çıxışları gözlənilir.


Beynəlxalq konfrans günlərində Qərb və Şərqi Asiya ölkələrindən, həmçinin İslam Konfransı Təşkilatından 45 gənc liderdən ibarət qrupda elm, mədəniyyət və sosial sahələrdə dünya miqyasında tanınmış alimlər müxtəlif sivilizasiyaların tarixi, qarşılıqlı münasibətləri, onların siyasi və sosial-mədəni aspektləri haqqında məruzələr oxuyacaqlar.


Məruzələr “Mədəniyyət və mədəniyyətlərarası münasibətlər”, “Fobiaların təhlükələri: İslamafobiya və Qərbfobiya”, “Gəncliyin inkişafı: Yoxsulluqdan zənginliyə”, “Müsəlman dünyasında və Qərbdə təhsil islahatları” və s. mövzuları əhatə edəcəkdir. Müzakirələrdə gənclər fəal iştirak edəcəklər.


Konfrans “Nəsillərarası Alyans” adlı Bakı Bəyannaməsinin qəbulu ilə yekunlaşacaq və rəsmi sənəd 2008-ci ilin yanvarında İspaniyanın Madrid şəhərində BMT-nin rəhbərliyi ilə keçiriləcək İllik Qlobal Alyans Forumuna təqdim olunacaqdır.


Paylaş: