Aprelin 19-21-də Heydər Əliyev Fondunun və Latın Mədəniyyəti Akademiyasının birgə təşkilatçılığı ilə "Azərbaycan: keçmişin və bu günün sivilizasiyalararası dialoqu" mövzusunda konfrans keçiriləcəkdir. Sayca 13-cü olan bu konfransda dünyanın bir çox ölkələrindən 140 nümayəndənin iştirakı gözlənilir. Qloballaşma dövründə müxtəlif din və dillərə mənsub mədəniyyətlərin qarşılıqlı əlaqə və münasibətləri kontekstində Azərbaycanın, eləcə də Qafqaz regionunun dünyada yeri və rolu, mədəniyyətlərin bənzərliliyi, fərqliliyi məsələlərinə dair məruzələr dinlənəcək, müzakirələr, fikir mübadiləsi aparılacaqdır. Bakıda olduqları müddətdə konfrans iştirakçılarına milli mədəniyyətimiz, tarixi keçmişimiz və abidələrimizlə yaxından tanış olmaq imkanı da yaradılacaqdır.
Mərkəzi ofisi Rio de Janeyroda (Braziliya) yerləşən Latın Mədəniyyəti Akademiyası bütün dünyada latın mədəniyyətinə bağlı olan tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimlərini birləşdirən nüfuzlu qurumdur. Akademiyaya YUNESKO-nun keçmiş baş direktoru Federiko Mayor rəhbərlik edir.
Akademiyanın islam dini və latın mədəniyyəti məsələlərinə həsr olunmuş bundan əvvəlki konfransı Tehranda keçirilmişdi.