16 oktyabr 2012

Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın müxtəlif regionlarında Azərbaycanın mədəniyyət və incəsənətinə həsr olunmuş sərgi və konsertlər keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi ilə oktyabrın 19-dan noyabrın 12-dək Fransanın müxtəlif regionlarında Azərbaycanın mədəniyyət və incəsənətinə həsr olunmuş sərgi və konsertlər keçiriləcək. Silsilə tədbirlərin təşkili ölkələrarası mədəni əlaqələrin möhkəmlənməsinə, Azərbaycanın dünyada tanınmasına və  xalqlararası anlaşmaya xidmət edir.


Regional tədbirlər silsiləsi Fransanın Reims şəhərindən başlayacaq. İlk tədbir 19-22 oktyabr tarixlərində bu şəhərdəki Tattinger House adlanan tarixi binada və Reims Konservatoriyasında  keçiriləcəkdir. Daha sonra tədbirlərin Fransanın Chalons-en-Champagne, Niort, Cognac, Romorantin-Lanthenay şəhərlərində keçirilməsi və hər şəhərdə üç gün davam etməsi nəzərdə tutulur. 

 

Xüsusi tərtibatla işlənib asılmış afişalar, yerli kütləvi informasiya vasitələrinin tədbirlə bağlı informasiyaları artıq şəhər ictimaiyyətini məlumatlandırmışdır. Yerli meriya nümayəndələrinin dəstəyi ilə keçiriləcək  sərgilərdə fransızlar Azərbaycanın çoxəsrlik zəngin mədəni irsi,  incəsənəti ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Sərgi ekspozisiyalarında  Azərbaycan miniatürləri, qədim xalçalar, arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələri, milli musiqi alətləri,  geyim və tikmələr, mis və keramik  qablar nümayiş olunacaq. Konsert proqramlarında Azərbaycan Dövlət Kamera Orkestrinin ifası, həmçinin klassik və milli musiqi ifaçılarının çıxışı nəzərdə tutulur.