15 fevral 2013

Heydər Əliyev Fondu tərəfindən xeyriyyə aksiyası keçiriləcək

Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 11-dən etibarən Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar xəstəlikləri üzrə təlim kursları keçirilir.


Bu məqsədlə İtaliyanın San Donato Mərkəzinin uşaq ürək cərrahı, professor Alessandro Giamberti və Almaniyanın Pediatrik Kardiologiya Klinikasının direktoru, professor Coxen Vielin Bakıya dəvət olunublar. Azərbaycanda təhsil alan gənc rezidentlərin tədrisi baxımından böyük əhəmiyyət kəsb edən bu təlimlərin keçirilməsi avropalı mütəxəssislərin təcrübələrindən yararlanmağa da imkan verəcək. Təlimlər fevralın 18-dək davam etdiriləcək.


Eyni zamanda, anadangəlmə ürək qüsurundan əziyyət çəkən 15 uşaq üzərində ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi altında xarici mütəxəssislərlə birgə cərrahiyyə əməliyyatlarının keçirilməsi nəzərdə tutulub. Bu əməliyyatların 8-i Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti hesabına həyata keçiriləcək. Bundan əlavə, 50-yə yaxın xəstənin müayinəsi planlaşdırılır.