17 mart 2012

Milli Parkda “Qız qalası” festivalı çərçivəsində gənc rəssamların “Nar” mövzusunda əsərlərinin sərgisi açılacaq

Heydər Əliyev Fondunun təşəbbüsü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız qalası” İncəsənət Qalereyasının təşkilatçılığı ilə keçirilən “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı Azərbaycanın ən qədim və dünya əhəmiyyətli abidələrindən olan Qız qalasının populyarlaşdırılması məqsədini daşıyır. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab edilən bu abidə Azərbaycanın qədim tarixinin və memarlığının incisi olmaqla yanaşı, ümumbəşəri mədəni irsin zənginləşdirilməsinə və mədəniyyətlərarası dialoqa öz töhfəsini vermək iqtidarındadır.


Azərbaycan paytaxtında “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı artıq iki ildir ki, uğurla həyata keçirilir. İndiyədək müsabiqədə dünyanın müxtəlif ölkələrindən 40-dan çox rəssam iştirak etmişdir. Layihə çərçivəsində bu nadir müəllif işlərini dünyanın müxtəlif ölkələrində nümayiş etdirmək və ümumdünya mədəni irsinin bir hissəsi olan Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevirmək nəzərdə tutulur. Sərgi eksponatları artıq ölkə hüdudlarından kənarda nümayiş etdirilir. “Qız qalası” festivallarında yaradılan əsərlər bir sıra xarici dövlətlərdə keçirilən sərgilərdə beynəlxalq auditoriyaya təqdim edilmişdir.


Konseptual baxımdan festivalın miqyası ildən-ilə genişlənməkdədir. Novruz bayramı ərəfəsində “Qız qalası” festivalı layihəsi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Dənzikənarı Milli Parkda Azərbaycanın gənc və tanınmış rəssamlarının sərgisi nümayiş olunacaqdır. Bu dəfə tamaşaçılara Emin Əsgərov, Vüqar Muradov, Hüseyn Haqverdi, Rəşad Cabbarov, Namiq Məmmədov, Nazim Şamxorov, Yelena Haqverdi, Həmidə Məlikova, Taleh Mirkazımov, Sübhan Məmmədov, Adil Yusifov, Şamo Abasov və Məhəmməd Orucovun Qız qalası maketlərinin üzərində işlədikləri “Nar” mövzusu təqdim olunacaqdır.


Ənənəvi “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı isə may ayında keçiriləcəkdir. Növbəti müsabiqədə 20-dən artıq ölkəni təmsil edən rəssamların iştirakı nəzərdə tutulur.


Paylaş: