2 noyabr 2013

Heydər Əliyev Fondu Almaniyanın bir sıra şəhərlərində tədbirlər keçirəcək

Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində layihələrini davam etdirir. Növbəti tədbirlərin Almaniyanın bir sıra şəhərlərində keçirilməsi nəzərdə tutulur.

 

Fondun və Azərbaycanın Ştutqartdakı konsulluğunun dəstəyi ilə ilk tədbir Avropanın mədəni ənənələrə malik qədim şəhərlərindən sayılan Ştutqartda keçiriləcək. Almaniyada möhtəşəm mədəni tədbirlərin məkanı kimi tanınan “Teatrhaus” noyabrın 14-də Azərbaycan gecəsinə ev sahibliyi edəcək.

 

Gecədə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq. Korifey bəstəkarlarımız Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, Tofiq Quliyevin əsərlərini virtuoz ifaçılarımız Fərhad Bədəlbəyli, Murad Hüseynovla yanaşı, alman musiqiçilər də ifa edəcəklər.

 

Tədbirdə rəsm və foto sərgiləri də təqdim olunacaq. Yaradıcılıq işləri eyni zamanda foto-proeksiya ilə əks olunacaq.

 

Gənclərin 19 rəngkarlıq işini cəm edən stendlərdən biri “Almaniya bir rəssamın gözü ilə” adlanır. Ölkəmizdə Almaniya mövzusunda ənənəvi şəkildə keçirilən sərgi-müsabiqələrdə qalib gələn əsərlər bu stendlərdən birində sərgilənəcək.

 

Sərgi-müsabiqələrin konsepti Almaniyada heç vaxt olmayan gənc rəssamların bu ölkə haqqında yaradıcı təxəyyül ilə çəkdikləri əsərlərin təqdimatıdır. 2008-ci ildən keçirilən müsabiqədə hər il üç gənc qalib Almaniyaya səyahət edir, Berlinin qalereya və muzeyləri ilə tanış olur, məhşur alman rəssamların ustad dərslərində iştirak edirlər.

 

Tədbirdə nümayiş olunacaq digər stenddə isə XIX əsrdən başlayaraq Azərbaycanda yaşayan almanların həyatını əks etdirən fotolar sərgilənəcək.


Fotoşəkillər vaxtilə Avropada ən böyük və müasir mis əridən zavodunu Gədəbəydə inşa edən Simmens qardaşları və onların minlərlə həmvətəninin Azərbaycandakı fəaliyyətindən və yaşam tərzindən bəhs edir.


Paylaş: