9 noyabr 2013

Fransada Nizami Gəncəvinin və Məhsəti Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbirlər keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtı və bir sıra şəhərlərində Azərbaycanın dahi söz ustadları Nizami Gəncəvinin 870, Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək.

 

Noyabrın 12-də Paris şəhərinin 7-ci rayonunun meriyasının və Parisin Əlyazmalar və məktublar muzeyinin əməkdaşlığı ilə Nizami Gəncəviyə həsr olunmuş sərginin açılması nəzərdə tutulur. Paris sakinləri və şəhərin qonaqları sərgidə Nizami dövrünə aid edilən arxeoloji tapıntılar – Şirvanşahlar və Atabəylər dövrünün pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar və “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklərlə tanış ola biləcəklər. Sərgidə eyni zamanda XIX əsrin sonu - XX əsrin əvvəlində Gəncədə çəkilmiş fotoşəkillər, mütəfəkkir şairin Gəncədəki məqbərəsinin maketi, Bakı, Sankt-Peterburq, Moskva, Roma, Çeboksarı və  Pekində ucalan abidələrinin fotoları və Heydər Əliyev Fondunun Nizami yaradıcılığına dair nəşrləri sərgilənəcək.

 

Noyabrın 13-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində tamaşaçılara Nizaminin sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim olunacaq. Mədəni-kütləvi tədbirlərin 19 noyabrda Strasburqda keçirilməsi də nəzərdə tutulur.

 

UNESCO-nun qərarı ilə Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə noyabrın son günlərində və dekabrda Fransanın Reyms və Müluz şəhərlərində sərgi və konsert proqramları təşkil ediləcək. Tarixə ilk Azərbaycan şairəsi kimi daxil olan Məhsətinin yaradıcılığına həsr olunmuş tədbirlər tamaşaçılara istedadlı şairənin fəlsəfi mahiyyəti ilə diqqəti cəlb edən poeziyası ilə yaxından tanış olmaq imkanı verəcək.