5 may 2014

Qafqaz Biomüxtəlifliyi Sammiti çərçivəsində “Afrikanın vəhşi təbiəti” adlı sərgi keçiriləcək

Mayın 7-də Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Adrian Sternin “Afrikanın vəhşi təbiəti” adlı fərdi sərgisi açılacaq.

 

Sərgi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilati dəstəyi ilə keçiriləcək Qafqaz Biomüxtəlifliyi Sammiti çərçivəsində təşkil olunacaq.

 

Sərginin məqsədi diqqəti vəhşi təbiətin zənginliklərinə və onun qorunmasının vacibliyinə cəlb etməkdir.

 

Sərgidə müəllifin 35 əsəri nümayiş olunacaq.

 

Adrian Stern Afrikanın flora və faunasını əks etdirən fotoşəkilləri son 10 il ərzində Cənubi Afrika Respublikası, Zimbabve, Zambiya, Tanzaniya və Uqandaya səfərləri zamanı çəkib.

 

O, heyvanlar aləminə marağı üzündən dünyanın əksər ölkələrini gəzmiş fotoqraf və rejissordur. Hazırda Adrian Stern Qafqaz bəbiri və onun Azərbaycanda mövcudluğu haqqında sənədli film üzərində işləyir.