24 noyabr 2014

Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun xatirəsinə həsr olunan tədbir keçiriləcək

Noyabrın 25-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirovun xatirəsinə həsr olunan kitabın təqdimat mərasimi və konsert keçiriləcək.


Azərbaycan mədəniyyətinin yaşadılması, inkişafı və təbliği məqsədi daşıyan bu layihə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.


“Fikrət Əmirov” kitabı bəstəkarın şəxsi arxivi əsasında hazırlanıb. Nəşrə bəstəkarın “Sevil” operası və “Min bir gecə” baletinin CD-ləri də daxildir.


Kitab F.Əmirov musiqisinin köklərinin gedib çıxdığı Şuşa şəhərinin, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində oradakı musiqi mühitinin təsviri ilə başlayır. Hadisələr xronoloji ardıcıllıqla davam etdirilir, müsiqiçi Əmirovlar sülaləsinin həyat və yaradıcılıq yolu izlənilir, F.Əmirovun ölməz əsərlərinin yaranma tarixçəsi, onların ərsəyə gəlməsinə səbəb olmuş mədəni mühit əks etdirilir. Kitabda görkəmli bəstəkar və əsərləri haqqında müxtəlif dövrlərdə mətbuat orqanlarında dərc olunmuş rəylər, tanınmış şəxsiyyətlərin fikirləri də toplanıb.


Heydər Əliyev Mərkəzində keçiriləcək tədbir çərçivəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında F.Əmirovun əsərlərindən ibarət konsert proqramı da təqdim olunacaq. Orkestri bədii rəhbər və baş dirijor, Azərbaycanın xalq artisti Teymur Göyçayev idarə edəcək.


Paylaş: