19 noyabr 2011

Bakıda “İslam Əməkdaşlıq Təşkilatı Ölkələri - Gənc İş Adamları Şəbəkəsi”nin təsis qurultayı keçiriləcək

Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə noyabrın 22-23-də Bakıda “İslam Əməkdaşlıq Təşkilatı Ölkələri - Gənc İş Adamları Şəbəkəsi”nin (İƏT GİAŞ) təsis qurultayı keçiriləcəkdir.


DƏ-İKGF-nin Avrasiya üzrə Regional Mərkəzindən bildirmişlər ki, şəbəkə İƏT-in üzvü olan ölkələrində fəaliyyət göstərən gənc iş adamları üçün birgə fəaliyyət üzrə platforma rolunu oynamaqla, onlar arasında biznes sahəsində məlumat mübadiləsi, iqtisadiyyatın inkişafına töhfə verə biləcək biznes fəaliyyətinin stimullaşdırılmasına, o cümlədən qlobal səviyyədə innovativ ideya və təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan yaradacaqdır.


Qurultayın açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, DƏ-İKGF mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə İƏT-in üzvü olan ölkələrinin kreativ və işgüzar gənclərinin həvəsləndirilməsinə yönəlmiş “Dünyanı dəyişə biləcək 10 gənc müsəlman” mükafatının təqdimatının keçirilməsi də planlaşdırılır. Mükafatın otuz yaşadək biznes, incəsənət, idman və ətraf mühitin qorunması sahəsində mühüm uğurlar əldə etmiş müsəlman gənclərə verilməsi planlaşdırılır.


İƏT-in Xarici İşlər Nazirlərinin cari ilin iyununda Astanada keçirilən 38-ci sessiyasında qəbul edilmiş yekun qətnaməsində təşkilatın üzv ölkələrini, eləcə də İƏT qurumlarını bu proqrama dəstək verməyə çağıran bənd öz əksini tapmışdır.


Paytaxtımızda keçiriləcək təsis qurultayında İƏT-in üzvü olan ölkələrini təmsil edən gənc iş adamların birlikləri, eləcə də bu quruma üzv olmayan dövlətlərdə yaşayan gənc innovatorlar da daxil olmaqla, 150-dək nümayəndə iştirak edəcəkdir.


Bakı tədbirinin nəticələri cari il dekabrın 3-5-də İstanbulda keçiriləcək İşgüzarlıq üzrə II Qlobal Sammiti iştirakçıları üçün təqdim olunacaqdır.


Paylaş: