7 yanvar 2011

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni muğam televiziya müsabiqəsi başlayacaqdır


Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə yeni muğam televiziya müsabiqəsi başlayacaqdır.


Yanvarın 5-də müsabiqənin seçim turu başa çatmış, yarışmada iştirak edəcək iyirmilik müəyyənləşdirilmişdir. Seçimlər əvvəl bölgələrdə, sonra Sumqayıt və Bakıda aparılmışdır.

 

Üçüncü dəfə keçiriləcək müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalmışdır. Buraya xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov, habelə Nadir Axundov daxildirlər.

 

M.İbrahimov vurğulamışdır ki, bundan əvvəlkində olduğu kimi, növbəti müsabiqədə də seçim SMS-lə deyil, yalnız münsiflər heyətinin qərarı ilə tam şəffaflıqla aparılacaqdır.

 

Xalq Artisti demişdir ki, Beynəlxalq Muğam Mərkəzində keçiriləcək müsabiqə fevralın 1-dən etibarən AzTV ilə canlı yayımlanacaqdır.

 

Muğam televiziya müsabiqəsi ilk dəfə 2005-ci ildə keçirilmişdir. İkinci dəfə 2007-ci ildə təşkil edilən müsabiqənin qalibləri Elməddin İbrahimov və Güllü Muradova olmuşlar.