16 aprel 2011

Parisdə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş bayram tədbirləri keçiriləcəkdir

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Heydər Əliyev Fondu və ölkəmizin Fransadakı səfirliyi aprelin 18-dən 21-dək Parisdə bayram tədbirləri keçirəcəkdir.


Aprelin 19-da YUNESKO-nun iqamətgahında Azərbaycan xalçaçılıq sənətinin nadir nümunələrini əks etdirən sərgi avropalılara təqdim olunacaqdır. Burada XIV əsrdən başlayaraq Avropada tanınmağa başlayan və sənətsevərlərin diqqətini cəlb edən Azərbaycan xalçalarının günümüzə gəlib çatan nümunələri, o cümlədən Qarabağ xalçaçılıq məktəbinin nadir inciləri sərgilənəcəkdir.

 

Elə həmin gün iqamətgahda gənc istedadların estrada konserti nəzərdə tutulur. Adları avropalı musiqisevərlərə yaxşı tanış olan pianoçu İsfar Sarabski, müğənnilər Aysel Teymurzadə, Səfurə Əlizadə və başqalarının konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri yer alacaqdır.

 

Zəngin mədəniyyətimizin fəal təbliğinə çevriləcək bu günlərdə Parisin d`Evreux hotelində müasir Azərbaycan incəsənətinin tanınmış simalarının əsərləri nümayiş olunacaqdır. “Bakının müasir incəsənət muzeyinin rəssamları” adlı sərgidə 33 rəsm və heykəltəraşlıq əsəri təqdim olunacaqdır. Burada dünya şöhrətli Tahir Salahov, tanınmış rəssamlardan Rasim Babayev, Altay Sadıxzadə, Müseyib Əmirov, Elyar Əlimirzəyev, Niyaz Nəcəfov, heykəltəraşlardan Fuad Salayev və Fazil Nəcəfovun müasir avanqard üslubda işlənmiş əsərləri nümayiş etdiriləcəkdir.

 

Bayram tədbirində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından avropalı qonaqlara ziyafət veriləcəkdir.